ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜ ƏRƏFƏSİNDƏ KİYEVDƏ DİASPORUMUZUN OFİSİ AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev faşizm üzərində Böyük Qələbənin 62-ci ildönümü münasibətilə Kiyevdə Naməlum əsgərin abidəsi önünə təntənəli əklilqoyma mərasimində iştirak etmişdir. Mərasimdə Ukrayna Prezidenti Viktor Yuşşenko, ölkənin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, ictimaiyyətin nümayəndələri və başqaları iştirak etmişlər. Səfir Tələt Əliyev və Azərbaycan Silahlı Qüvvələrinin hərbi attaşesi, polkovnik Tofiq Qasımov abidənin önünə əklil qoymuş, İkinci Dünya müharibəsində həlak olmuş qəhrəmanların nurlu xatirəsini anmışlar.
Sonra səfirlikdə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 84-cü ildönümünə həsr edilmiş tədbir olmuş, ulu öndərin abidəsi qarşısında kütləvi mitinq keçirilmişdir. Mitinqdə diplomatlarımız, Ukrayna Azərbaycanlıları Konqresinin rəhbərliyi və fəalları, ölkə ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Mitinqə toplaşanlar abidənin önünə gül dəstələri qoymuşlar.
Mitinqi açan Tələt Əliyev demişdir: “Həm respublikamızda, həm də onun hüdudlarından kənarda xalqımız ümummilli lider, böyük dövlət xadimi və siyasətçi, dünyamiqyaslı şəxsiyyət Heydər Əliyevin doğum gününü qeyd edir. Ulu öndər deyirdi: “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”. Ümummilli liderimiz Heydər Əliyevin varisləri, dünyanın ən qədim xalqlarından birinin nümayəndələri kimi biz də bununla fəxr etməliyik və cəmiyyətimizi şanlı işlərlə zənginləşdirməliyik”. Səfir ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin genişmiqyaslı, uzaqgörən daxili və xarici siyasətini vurğulamışdır. O demişdir ki, Azərbaycan bu gün Avropa və dünya siyasətində fəal rol oynayır. Ölkəmizin səsi eşidilir, rəsmi Bakının, diplomatiyamızın qətiyyətli addımlarına hörmətlə yanaşılır və dəstəklənir.
UAK-ın sədri Akif Gülməmmədov, qurumun Gənclər Komitəsinin rəhbəri Toğrul Adıgözəlov da ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın ən yeni tarixində böyük rolunu vurğulamış, Ukraynadakı diasporumuzun sıralarını möhkəmləndirməyə çağırmışlar.
Elə həmin gün Kiyevdə UAK-ın yeni ofisinin təntənəli açılışı olmuşdur. Əsaslı təmir olunmuş, Azərbaycanın və Ukraynanın dövlət bayraqları, ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri ilə bəzədilmiş ofis müasir mebel, kompyuter texnikası, faksimil rabitə və sairlə təchiz edilmiş, burada normal iş üçün hər cür şərait yaradılmışdır.
Səfir Tələt Əliyev həmvətənlərimizi yeni ofisin açılması münasibətilə təbrik edərək demişdir ki, UAK-ın iqamətgahının ümummilli liderimiz Heydər Əliyevin doğum günü ərəfəsində açılmasının dərin rəmzi mənası var. Ofisin qapıları hər azərbaycanlı üçün açıq olmalı, xalqımızın hər bir nümayəndəsinin hüquqi müdafiəsi təmin edilməlidir.
T.Əliyev həmvətənlərimizdən bir neçəsinə UAK-ın vəsiqəsini, Ukraynadakı diasporumuzun həyatını fəal işıqlandırdığı üçün Azərbaycan televiziyasının xüsusi müxbiri Möhsün Aslanova Konqresin fəxri fərmanını təqdim etmişdir.