Ümummilli Liderin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində mühüm nailiyyətlər qazanılıb
İmişli, 3 may, Aydın Yavərzadə, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar İmişlidə silsilə tədbirlər davam etdirilir. Növbəti tədbirdə Ulu Öndər tərəfindən ədliyyə sahəsinin inkişafı istiqamətində, məhkəmə-hüquq sistemində həyata keçirdiyi islahatlardan söhbət açılıb.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatının, İmişli regional ədliyyə idarəsinin rəhbərliyi, Rayon Məhkəməsinin, yerli icra və probasiya şöbəsinin, Rayon qeydiyyat şöbəsinin rəhbərliyi və kollektivi iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla anılıb. Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən maraqlı faktlara, foto və videomateriallara, nadir eksponatlara baxış keçirilib. Məlumat verilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.
İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə keçirilən tədbir Heydər Əliyev Mərkəzinin konfrans zalında davam etdirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi sükutla anılıb.
Çıxış edənlər Heydər Əliyevin hakimiyyəti dövründə 2000-ci il 11 noyabr tarixli Sərəncamla noyabrın 22-nin Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsindən, Ədliyyə Nazirliyinin inkişaf yolundan, məhkəmə-hüquq sistemində aparılan islahatlar barədə ətraflı məlumat veriblər. Həmçinin Ümummilli Liderin rəhbərliyi ilə bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində əldə olunan mühüm nailiyyətlər barədə danışılıb.
Ulu Öndərin dövlətçilik amallarının və siyasi kursunun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilərək respublikamızın davamlı tərəqqiyə nail olduğu, müasir çağırışlara uyğun aparılan məhkəmə-hüquq islahatlarının dünyada təqdir olunan müsbət nəticələri bir daha diqqətə çatdırılıb.