ÜMUMMİLLİ LİDERİN XATİRƏSİ MİSİRDƏ ANILMIŞDIR
Misirin hökumət nümayəndələrinin, tanınmış yazıçılarının, elm və mədəniyyət xadimlərinin, Qahirədəki diplomatik korpusun rəhbərləri və təmsilçilərinin, jurnalistlərin, bu olkədə təhsil alan tələbələrimizin, Misir Xarici İşlər Nazirliyinin MDB Ölkələri ilə Texniki Əməkdaşlıq Fondu xətti ilə kursda olan Azərbaycan DİN və MTN əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə dünya şöhrətli siyasi xadimin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhuna dua oxunmuşdur. Qonaqlar, həmçinin ulu öndərə həsr olunmuş fotostendə baxmışlar.
Səfir Faiq Bağırov Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan-Misir münasibətlərinin yaranmasında ümummilli liderin rolu haqqında danışmışdır.
Misirli yazıçı Məhəmməd Məcdi Mərcan çıxış edərək Azərbaycan-Misir əlaqələrinin möhkəmləndirilməsində Heydər Əliyevin və Misir prezidenti Hüsni Mübarəkin səylərini yüksək qiymətləndirmiş, həmin münasibətlərin bundan sonra daha yüksək səviyyədə inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Misir XİN MDB Dövlətləri İdarəsinin rəisi, Liviya Ərəb Xalq Sosialist Respublikasının, Sudan Respublikasının, Burkino Faso Respublikasının səfirləri, Pakistan İslam Respublikasının müvəqqəti işlər vəkili, Ərəb Dövlətləri Liqasının müşaviri və başqaları çıxış etmişlər. Görkəmli şəxsiyyət haqqında film nümayiş etdirilmişdir.
Qonaqlara ulu öndərin fəaliyyətindən bəhs edən DVD disklər verilmişdir.