UNESCO-nun plenar iclasında Azərbaycanın Qoşulmama Hərəkatının üzv ölkələrinə töhfələrindən danışılıb
Paris, 17 mart, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mədəniyyətlərarası dialoqun təşviqi üçün 2008-ci ildə başladılan “Bakı Prosesi” fərqli qitələrdə yaşayan müxtəlif etnik, mədəniyyət, din və dil mənşəli və irsi olan xalqlar və qruplar arasında qarşılıqlı anlaşma və hörmət əsasında fikir mübadiləsini təşviq edir. İki proses - “Bakı Prosesi” və “Luanda Biennalesi” arasında özünəməxsus sinerji yaratmaq zərurətdir. Sülh, dözümlülük, birgəyaşayış, insan hüquqlarına hörmət və xalqların kimliyini və mədəni müxtəlifliyini təşviq etmək üçün əsas vasitə olan bu sinerji sivilizasiyalar, sülh mədəniyyəti və dinlərarası dialoq sahələrində davamlı dialoq yarada bilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev qurumda Afrika qrupunun plenar iclasında deyib. O, ölkəmizin çox kritik bir dövrdə Qoşulmama Hərəkatına sədrlik etdiyini diqqətə çatdıraraq, COVID-19 epidemiyasının yaratdığı fövqəladə vəziyyətin razılaşdırılmış və vacib cavablar tələb etdiyini vurğulayıb. Diplomat epidemiya ilə bərabər digər aktual və qlobal miqyaslı problemlərin artdığını əlavə edib.
Elman Abdullayev Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə 2020-ci il mayın 4-də keçirilmiş Zirvə görüşündən, bu görüşün nəticəsində İşçi Qrupunun yaradılmasından, üzv dövlətlərin COVID-19 ilə mübarizədə əsas humanitar və tibbi ehtiyaclarına dair məlumat bazası hazırlanmasından söz açıb. Bu gün Ümumdünya Səhiyyə Təşkilatının Qoşulmama Hərəkatına üzv dövlətlərin epidemiyaya qarşı ehtiyacların müəyyənləşdirilməsində bu məlumat bazasına istinad etdiyi diqqətə çatdırılıb. Ölkəmizin ÜST-nin strateji hazırlıq və müdaxilə planı (SPRP) çərçivəsində COVID-19 fonduna maddi yardımı, koronavirus epidemiyasının qarşısını almaq, xüsusilə də həssas qrupdan olanlara kömək etmək istiqamətində qlobal səylərə verdiyi töhfələr xatırladılıb.
İclasda Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidentinin COVID-19 epidemiyasına qarşı peyvəndlə bağlı təşəbbüslərindən də danışılıb. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində qurumun Əlaqələndirici Bürosunun martın 5-də keçirilmiş toplantısında bütün ölkələrin COVID-19 peyvəndinə əlverişli şərtlərlə, zamanında, bərabər və universal çıxışının təmin olunmasına dair qəbul edilmiş sənədin əhəmiyyətinə toxunulub.
Sədrliyi dövründə qlobal çətinliklərə baxmayaraq, ölkəmizin Qoşulmama Hərəkatının səsinin müxtəlif beynəlxalq mühitlərdə daha yaxşı eşidilməsinə nail olduğu qeyd edilib. Bildirilib ki, Qoşulmama Hərəkatının Bakı Bəyannaməsində Afrika ölkələrinin üzləşdiyi və həllini gözləyən məsələlərlə bağlı yüzdən çox maddə göstərilib.
Təqdimatda Azərbaycan və Afrika ölkələri arasındakı əməkdaşlıqdan söz açılıb. Qeyd edilib ki, Afrika ölkələrinin narahatlıqları və ehtiyacları Qoşulmama Hərəkatının gündəmində prioritetə çevrilib, Azərbaycan Universitetlərində təhsil almaq üçün afrikalı gənclərə yüksək imkanlar yaradılıb. Ölkəmizin “Təhsil Qrantı Proqramı” çərçivəsində Qoşulmama Hərəkatına üzv ölkələrin gəncləri üçün yaratdığı imkanlar da diqqətə çatdırılıb.
“Hərəkatımızın gücü həmrəyliyimizdə və birliyimizdədir. Hərəkatımız, ilk növbədə, millətlərimizin mənafelərinə xidmət etmək üçün qurulub. Elm və texnologiyanın sürətli inkişafının özü ilə gətirdiyi fürsətləri öyrənməli və istifadə etməliyik. Bütün bunlar davamlı inkişafa dair birgə səylərimizə yeni öhdəliklər gətirir və Qoşulmama Hərəkatı çərçivəsində daha çox həmrəylik, dialoq və əməkdaşlığın zəruriliyini yenidən vurğulayır”, - deyə E. Abdullayev vurğulayıb.
Daimi nümayəndə ölkəmizin UNESCO İcra Şurasına namizədliyini xatırladaraq, seçildiyi təqdirdə daha praktiki addımlar atacağını və Qoşulmama Hərəkatının səsini birləşdirməyə davam edəcəyi bildirib. Qoşulmama Hərəkatının səsini daha yaxşı eşitdirmək, daha təsirli olmaq və daha çox müsbət nəticələr əldə etmək imkanını qaçırmamağa çağırış edilib. Vurğulanıb ki, Azərbaycanın Qoşulmama Hərəkatı sədri qismində prioritetlərindən biri qurumun üzv dövlətlərinin mədəni kimliyinin təməli olduğu üçün mədəni irsin qorunub saxlanılması hüquqlarını nəzərə alaraq, müstəmləkə və ya işğal altında olan xalqların mədəni mülkünün qaytarılmasına dair UNESCO-nun qərar və qətnamələrinin həyata keçirilməsinin təşviqidir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris