CƏMİYYƏT
UNESCO Ümumdünya Fəlsəfə Günü ilə bağlı müraciət yayıb
![UNESCO Ümumdünya Fəlsəfə Günü ilə bağlı müraciət yayıb](/files/2023/3/1200x630/17001165632988873_1200x630.jpg)
Bakı, 16 noyabr, AZƏRTAC
UNESCO hər il noyabrın üçüncü cümə axşamı günündə Ümumdünya Fəlsəfə Gününü qeyd etməklə bəşər təfəkkürünün inkişafı, hər bir mədəniyyət və hər bir fərd üçün fəlsəfənin daimi dəyərini vurğulayır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər təşkilatın Ümumdünya Fəlsəfə Günü münasibəti ilə yaydığı müraciətdə yer alıb. UNESCO qeyd edib ki, fəlsəfə cəmiyyətləri dəyişdirə bilən ilhamverici bir elm və gündəlik təcrübədir. Dünyadakı intellektual cərəyanların müxtəlifliyini kəşf etməyə imkan verməklə, fəlsəfə mədəniyyətlərarası dialoqa təkan verir. Beyinləri təfəkkürə və fikirlərin əsaslandırılmış qarşıdurmasına cəlb etməklə, fəlsəfə daha tolerant, daha xoşbəxt bir cəmiyyət qurmağa kömək edir. Beləliklə, o, dəyişiklik üçün intellektual şərait yaratmaqla yanaşı, əsas müasir çağırışları anlamağa və onlara cavab verməyə şərait yaradır.
UNESCO bildirib ki, dövrümüzün əsas çağırışları üzrə sərbəst, əsaslandırılmış və məlumatlı düşüncə tərzinə malik kollektiv müzakirə günündə təşkilatın bütün tərəfdaşları müxtəlif fəaliyyət növləri - fəlsəfi dialoqlar, debatlar, konfranslar, seminarlar, mədəni tədbirlər və təqdimatlar təşkil etməyə təşviq olunurlar. Təbiət və ictimai elmlərin bütün sahələrini təmsil edən filosof və alimlərin, təhsil işçilərinin, müəllimlərin, tələbələrin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, geniş ictimaiyyətin iştirakı ilə günün mövzusu - daha yaxşı bir dünya qurmaq yolları müzakirə edilir.
Təşkilatın müraciətində bildirilir ki, daha yaxşı bir dünya qurmaq, sülh idealına doğru irəliləmək üçün biz fəlsəfi yanaşmanı mənimsəməli, böhranların gurultusundan kənarda dünyamızın qüsurlarını şübhə altına almalıyıq. Fəlsəfə bəşəriyyətin rəhbər tutmalı olduğu etik prinsipləri müəyyən etməkdə vacib amildir.
“Hər kəsin ortaq dünyanı yenidən kəşf etmək üçün fəlsəfi düşüncələri olmalıdır. Bu gün UNESCO bütün cəmiyyətlərimizi bir anlıq geri çəkilməyə və bəşəriyyətin gələcəyi haqqında kollektiv şəkildə düşünməyə, daha yaxşı bir dünya təsəvvür etməyə çağırır”, - deyə sonda qeyd olunub.