ÜST: Dünyada koronavirusa yoluxma halları ötən həftə iki faiz artıb
Bakı, 10 mart, AZƏRTAC
Ötən həftə dünyada koronavirusa yoluxma öncəki yeddi günlə müqayisədə 2 faiz artıb, ölüm hallarının sayı isə 6 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədə dərc olunan həftəlik epidemioloji bülletenində yer alıb.
“Ötən həftə 2,7 milyon yeni yoluxma halı ilə bağlı məlumat daxil olub ki, bu da öncəki həftə ilə müqayisədə 2 faiz çoxdur. Qlobal miqyasda ölkələrin təxminən yarısında yoluxmaların sayının azalması müşahidə edildiyi halda, digər yarısında bu göstərici artmaqda davam edib”, - deyə sənəddə bildirilir.
ÜST-nin bülleteninə əsasən, martın 1-dən 7-dək dünyada 2 milyon 734 min 381 yoluxma və 60 min 323 ölüm faktı qeydə alınıb.
Ötən həftə yoluxma hallarının artımı əsasən Afrika ölkələrində (10 faiz) və Şərqi Aralıq dənizi bölgəsində (10 faiz), həmçinin Avropada (4 faiz) müşahidə olunub. Şərqi Aralıq dənizi bölgəsində ölüm halları artdığı halda (9 faiz), digər regionlarda bu göstərici azalıb.
Qeyd edək ki, ÜST ötən ilin martında yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, indiyədək dünyada 118 milyon 201 mindən çox yoluxma və 2 milyon 623 mindən çox ölüm faktı aşkarlanıb, 93 milyon 891 min nəfər COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 21 milyon 686 min nəfərdən 89 min 848 nəfərin vəziyyəti ağır qiymətləndirilir.