Üzümçülük və Şərabçılıq ETİ-nin ting istehsalı və ixracı üzrə beynəlxalq əlaqələri genişləndirilir
Gəncə, 20 aprel, Elcan Məmmədov, AZƏRTAC
Moldovanın səfiri Aleksandr Esaulenko Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda (ÜŞETİ) olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ÜŞETİ-nin direktoru Vüqar Səlimov müəssisənin fəaliyyəti, mövcud təsərrüfat sahələri, dayaq məntəqələri, Azərbaycanın, o cümlədən Qarabağın nadir və yerli üzüm sortlarının çoxaldılması istiqamətində icra olunan layihələr, sortların molekulyar genetik təmizliyinin araşdırılması və OİV deskriptorları üzrə göstəricilərinin müəyyən edilməsi istiqamətində tədqiqatlar haqqında ətraflı məlumat verib.
Səfir Aleksandr Esaulenko institutda fəaliyyət göstərən mikroşərabçılıq, calaq mərkəzi, şərab zirzəmisi, tinglik əkin materialları, “Qarabağ guşəsi”, akkreditasiyadan keçmiş, tam təchizatla fəaliyyət göstərmək imkanları olan fiziki-kimyəvi analizlər və genetik laboratoriya, müvafiq cihaz və qurğular, onların iş prinsipi, yeni üsullarla tanış olub.
Sonda tərəflər arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən ikitərəfli elmi layihələrdə iştirak, tingçilik, üzümçülük və şərabçılıq sahəsində texnologiyalarla tanışlıq məqsədilə nümayəndə heyətlərinin mübadiləsi, elmi nailiyyət və təcrübə, sənədlər, nəşrlərin mübadiləsi və digər məsələlər nəzərdə tutulub.