V Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıblar
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də “İstedadların hazırlığı laboratoriyası” V Beynəlxalq Olimpiadasının mükafatlandırma mərasimi keçirilib. Qaliblərə diplom və hədiyyələr təqdim olunub.
AZƏRTAC xəbər verir ki, gənclər və idman nazirinin müavini İndira Hacıyeva 2013-cü ildən başlayaraq respublika səviyyəsində keçirilən olimpiadaya 2017-ci ildə beynəlxalq status verildiyini deyib: “Builki olimpiadada Azərbaycanla yanaşı, MDB ölkələrinindən və Gürcüstandan nümayəndələr yarışdılar. 14-15 yaşlı yeniyetmələrin iştirak etdiyi olimpiada riyaziyyat, fizika və kimya fənləri üzrə keçirildi. Bütövlükdə 60-dək iştirakçı biliyini sınadı və hər üç fənnin nəticələrinə əsasən qaliblər müəyyənləşdi. Bu il ilk dəfə azərbaycanlı yeniyetmələr qızıl medal da qazandılar. Komanda hesabında isə Azərbaycan üçüncü yeri tutdu. Gələcəkdə belə yarışmanı humanitar fənlər üzrə də təşkil etməyi nəzərdə tuturuq”.
Qeyd edək ki, olimpiadada komanda hesabında Rusiya birinci, Qazaxıstan isə ikinci olub.
Xatırladaq ki, olimpiadanın keçirilməsində əsas məqsəd məktəblilər arasında elmi-tədqiqat fəaliyyətinə marağın aşkarlanması, onların inkişafı üçün lazımi rəqabət mühitinin formalaşdırılması, elmi biliklərin təbliği, yeniyetmə və gənclərin müvafiq sahələrdə fəaliyyət göstərən alim və tədqiqatçıların təcrübəsindən faydalanması, istedadlı yeniyetmələrin beynəlxalq əlaqələrinin genişlənməsinə şəraitin yaradılmasıdır.
“İstedadların hazırlığı laboratoriyası” təcrübə xarakteri daşıyır və bu sahədə bütövlükdə yeni milli modeldir. Qoyduğu məqsədlərə, istifadə etdikləri fərqli mexanizmlərə, birləşdirdiyi mütəxəssis və peşəkarların tərkibinə görə layihə nadirdir. Olimpiada yeniyetmələrin yalnız fənn üzrə biliklərini yox, qeyri-standart düşünmə bacarıqlarını, orijinal məsələlərin həlli üçün məntiqin inkişafını qiymətləndirməyə imkan verir.