Vakant inzibati vəzifələr üzrə müsabiqənin müsahibə mərhələsinə qeydiyyat bu gün yekunlaşır
Bakı, 3 sentyabr, AZƏRTAC
Dövlət qulluğunun A (inzibati rəhbər) və B növünə (inzibati icraçı) aid vakant inzibati vəzifələr üzrə avqustun 5-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə qeydiyyat bu gün başa çatır.
Müsahibədə iştirak üçün namizədlər sentyabrın 3-ü saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin (DİM) internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.
DİM-dən AZƏRTAC-a bildirilib ki, müsahibəyə mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 46 dövlət orqanında 408 vakant vəzifə çıxarılıb.
Xatırladaq ki, ümumilikdə müsahibəyə çıxarılmış 408 vakant vəzifənin 3-ü AB, 28-i AC, 70-i BA, 307-si isə BB vəzifə qrupuna aiddir. Müsabiqənin müsahibə mərhələsinə ən çox vəzifə mərkəzi icra hakimiyyəti orqanlarından Təhsil Nazirliyi (155 vəzifə), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (34 vəzifə) və Dövlət Turizm Agentliyi (18 vəzifə), məhkəmə orqanlarından isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi (14 vəzifə), Şəki Apelyasiya Məhkəməsi (13 vəzifə) və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi (10 vəzifə) tərəfindən çıxarılıb.