VAQİF MUSTAFAYEVİN “MİLLİ BOMBA” FİLMİNİN MOSKVA BEYNƏLXALQ KİNOFESTİVALINDA UĞUR QAZANMAQ İMKANI YÜKSƏKDİR
17 müsabiqə filmi arasında rejissor Vaqif Mustafayevin “Milli bomba” filmi də göstərilmişdir. Film böyük maraqla qarşılanmış və Rusiya kinotənqidçiləri arasında geniş əks-səda doğurmuşdur ki, bu da onun uğur qazanacağından xəbər verir.
Rusiyanın tanınmış kinotənqidçilərindən Valeri Kiçin “Rossiyskaya qazeta”da dərc edilmiş “Qafqaz aksentli rus izi –“bomba” partladılana qədər müsabiqə sakit və sönük keçirdi” sərlövhəli məqaləsində Vaqif Mustafayevin peşəkarlıqla çəkdiyi ekran əsərini yüksək qiymətləndirir. Onun fikrincə, festival müsabiqəsinin ilk günləri bu qərara gəlməyə məcbur edir ki, burada öz kinomuzun qələbəsinə doğru yol açılır, çünki Vaqif Mustafayevin müştərək Rusiya-Azərbaycan məhsulu olan “Milli bomba”sı artıq göstərilmiş yeddi film arasında, şübhəsiz, ən yaxşı və sözsüz, mükafatlara layiq filmdir”. V.Kiçin filmi təhlil edərək yazır ki, “ümumiyyətlə, bu film ideyalar kəhkəşanıdır, elə ideyalar ki, onların hər biri heç də az istedadlı olmayan müəlliflərin ayrıca filmi üçün kifayət edərdi”. Məqalədə deyilir: “Milli bomba” xalqların keçmiş “qardaşcasına dostluğu”na yasin oxumaqdır: burada sovet psixologiyasının “əlacsız izi” var və şanlı Bakı şəhərinin sakinləri ilə yanaşı, gürcülər, qazaxlar, taciklər, yəhudilər də görünürlər. Burada zurna-qaval çalır, buynuzdan şərab və stəkandan acqarına araq içirlər. Filmdə vaxtilə sahmanlanmış məişətin hənirtisi nəzərə çarpır. İndi onları yenidən heç cür birləşdirə bilmirlər”.
“Lenta.ru” İnternet qəzetində “Moskva Beynəlxalq kinofestivalının münsiflər heyətinin başına iki bomba – milli bomba və nüvə bombası atılacaq” sərlövhəli məqalə yaymışdır. Məqalədə deyilir ki, Vaqif Mustafayevin komediya janrlı filmi ciddi məsələlərdən asanlıqla danışmağa imkan verir və müəllif kədərli əhvalatdan heyrətamiz dərəcədə asanlıqla söhbət açmışdır.
Bir çox kinotənqidçilərin fikrincə, “Milli bomba” filminin uğur qazanmaq üçün böyük imkanları var.