Vaqif Səmədoğlunun yaradıcılığına həsr edilmiş “Kaspi” qəzetinin xüsusi buraxılışının təqdimatı keçirilib
Bakı, 5 fevral, Zərəngiz Mansurova, AZƏRTAC
Fevralın 5-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xalq Şairi Vaqif Səmədoğlunun yaradıcılığına həsr edilmiş “Kaspi” qəzetinin xüsusi buraxılışının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AYB-nin sədri, Xalq Yazıçısı Anar Vaqif Səmədoğlunun bənzərsiz yaradıcılıq axtarışlarından, yaratdığı ölməz poeziya nümunələrindən söz açıb. Bildirilib ki, onun xatirəsi hər zaman ehtiramla anılacaq. O, gənclərin V.Səmədoğlu yaradıcılığına xüsusi diqqət və həssaslıqla yanaşmasını uğurlu hal kimi qiymətləndirib və bu buraxılışın təşəbbüsçüsü olan gənc şair Fərid Hüseynə təşəkkürünü bildirib.
Tədbirdə Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, AYB-nin Moskva bölməsinin rəhbəri Tofiq Məlikli, professorlar Himalay Qasımov, Vaqif Yusifli, Asif Rüstəmzadə, “Azərbaycan” jurnalının redaktoru, Əməkdar İncəsənət Xadimi İntiqam Qasımzadə və başqaları şairin poeziyasını qeyri-adi poeziya adlandırıblar. Onun Azərbaycan şeirinə gətirdiyi yeniliyi, fikir rəngarəngliyini xüsusi qeyd edən natiqlər hələ şairin sağlığında onun poeziyasının “düşündürən poeziya” adlandırıldığını vurğulayıblar.
Bildirilib ki, ilk şeirləri ilə oxucu qəlbinə yol tapan V.Səmədoğlunun 1968-ci ildə çap olunan “Yoldan teleqram” adlı kiçik şeirlər kitabı daha böyük marağa səbəb olub, geniş əks-səda doğurub, poeziyaya yeni nəfəsin gəldiyindən xəbər verib. Sonrakı illərdə “Günün baxtı”, “Mən burdayam, ilahi”, “Uzaq, yaşıl ada” və digər kitabları da eyni maraqla qarşılanıb, hər biri bir ədəbi hadisəyə çevrilib. Şairin həm də dramaturq kimi “Bəxt üzüyü”, “İntizar”, “Uca dağ başında”, “Lotereya”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam”, “Generalın son əmri” pyesləri şəhərin teatrlarında uğurla nümayiş etdirilib.
Vurğulanıb ki, Vaqif Səmədoğlunun ədəbi və ictimai-siyasi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, müstəqil Azərbaycan Respublikasının ali təltifləri olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülüb.
Tədbirdə çıxış edən gənclər şairin şeirlərini əzbər söyləyib, dostları şairlə bağlı xatirələrini bölüşüblər.
Sonda şairin həyat yoldaşı, Səməd Vurğunun ev-muzeyinin direktoru Nüşabə Vəkilova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.