Varşava Ali Ticarət Məktəbinin üzvləri Azərbaycanın diplomatiya sahəsindəki təcrübəsi ilə tanış olublar
Bakı, 16 may, AZƏRTAC
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Varşava Ali Ticarət Məktəbinin xarici əlaqələr üzrə elmi dərnəyinin üzvləri ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüş Ali Ticarət Məktəbi tərəfindən həyata keçirilən “Diplomatiya hərəkəti” adlı layihə çərçivəsində təşkil edilib. Layihənin məqsədi Polşada akkreditasiya olunmuş müxtəlif diplomatik korpusların nümayəndələri ilə görüşmək, onların xarici siyasət, beynəlxalq əlaqələr və diplomatiya sahəsində təcrübəsinə yiyələnməkdir. Layihə haqqında məlumat verən Ali Ticarət Məktəbinin tələbəsi Şımon Klepatski artıq 10 səfirlikdə belə görüşlərin təşkil olunduğunu qeyd edib.
Layihənin təşkilatçılarına təşəkkürünü bildirən səfir tələbələrə Azərbaycanın tarixi, müasir dövrü, siyasi və iqtisadi əlaqələri, Azərbaycan-Polşa münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsi və son günlərdə cəbhə xəttində baş verən hadisələr haqda geniş məlumat verib və Azərbaycana böyük marağı olan tələbələrin qeyd olunan mövzular ətrafında çoxsaylı suallarını cavablandırıb.
Görüşün sonunda tələbələrə səfirlik tərəfindən polyak dilində nəşr olunan Azərbaycan tarixi, mədəniyyəti və dilinə aid kitablar hədiyyə edilib.