VAŞİNQTONDA YENİ NEFT KƏMƏRLƏRİNİN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
ABŞ Dövlət Departamentinin neft analitiki Mətyu Brayzə enerji bazarlarının rasional fəaliyyət göstərməsini Birləşmiş Ştatlar üçün prioritet məsələ adlandıraraq, rəsmi Vaşinqtonun azad rəqabəti və neft marşrutlarını artırmağı dəstəklədiyini bildirmişdir. O, bu yaxınlarda BTC boru kəmərinin istifadəyə verilməsini böyük tarixi uğur adlandırmışdır.
Mərkəzi Asiyadan neftin dünya bazarlarına çatdırılmasına gəldikdə isə, Mətyu Brayzə demişdir: “Biz Mərkəzi və Cənubi Asiya arasında iqtisadi əməkdaşlığı və sərmayə qoyuluşunu stimullaşdırmağa çalışırıq. ABŞ burada Qazaxıstanın regional iqtisadi inkişafın lokomotivi olmasını arzulayır”. Amerikalı analitik, eyni zamanda, Xəzərin cənubunda güclü neft sərvətlərinə malik olan İranla hər hansı əməkdaşlığı istisna etdiklərini vurğulamışdır.
Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin enerji proqramının direktoru Frenk Verrastro Çin və Hindistanda neftə olan tələbatın artdığı bir zamanda bütün nəzərlərin Mərkəzi Asiya və Xəzərin neft ehtiyatlarına yönəldiyini vurğulayaraq, eyni zamanda, Qərbin neft bazarları üçün Mərkəzi Asiya neftinin Rusiya və Türkiyə vasitəsilə nəqlinin bir qədər problematik olduğunu bildirmişdir.
PFC enerji qrupunun məsləhətçisi Culiya Neney isə Mərkəzi Asiyanın və İranın neft bazarlarının əsasən Çinə yönəldiyini, son 3 ildə neft idaxalını 30 faiz artırmış Pekinin Xəzər neftini də ölkənin qərbinə nəql etmək üçün yeni kəmərlər çəkmək istədiyini söyləmişdir. Onun sözlərinə görə, Xəzərdə ən böyük neft hasilatçısı olan Qazaxıstanın öz neftinin əsas hissəsini şərq və yaxud qərb istiqamətində ixrac edəcəyi barədə qərarı ABŞ üçün çox önəmlidir. Xanım Neney dünya bazarlarında xam neftin qiymətinin rekord səviyyəyə çatdığı bir şəraitdə bu regiondan yeni boru xətləri çəkilməsinin real və rentabelli olduğunu bildirmişdir.