Vəkillər Kollegiyası keyfiyyətli hüquqi yardıma çatımlılığın yaxşılaşdırılması istiqamətində layihələr həyata keçirəcək
Bakı, 2 may, AZƏRTAC
Mayın 2-də Vəkillər Kollegiyasının rəhbərliyi və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin nümayəndələri arasında görüş keçirilib.
Kollegiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov qonaqlara Vəkillər Kollegiyası və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisi arasında mövcud əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini və gələcəkdə birgə layihələrin keçirilməsi üçün belə mütəmadi görüşlərin vacibliyini vurğulayıb.
Sonra A.Bağırov nümayəndələri son dövrdəki fəaliyyəti ilə tanış edib. O, həmçinin qeyd edib ki, bu sahədə görülən işlər vəkillik peşəsinə marağın artmasına, xüsusilə gənc mütəxəssislərin sayının artmasına səbəb olub, vəkillərin sayı isə üç dəfəyədək artıb. A.Bağırov hazırda 2323 vəkilin fəaliyyət göstərdiyini bildirib.
Bundan əlavə, Anar Bağırov son aylarda həyata keçirilən layihələrdən danışıb, o cümlədən Naxçıvan Muxtar Respublikasında vəkillik sahəsində aparılan islahatların, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında mövcud problemlərin həllində və bununla gələcəkdə vəkilliyin daha da inkişaf etdirilməsi istiqamətində mühüm rol oynayacağını da qeyd edib.
Daha sonra Cənubi Qafqazdakı ofisin İnsan Hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikov kollegiyanın son bir neçə ildə həyata keçirdiyi fəaliyyətini təqdirəlayiq hesab etdiyini bildirib. Bundan başqa, V.Şkolnikov Kollegiya ilə keyfiyyətli hüquqi yardıma çatımlılığın daha da yaxşılaşdırılması, o cümlədən bölgələrdə əməkdaşlığın daha da artırılması istiqamətlərində həyata keçirilə biləcək layihə təkliflərini səsləndirib.
Sonda planlaşdırılan layihələrlə bağlı fəaliyyətin təşkili üçün korrespondensiyanın davam etdirilməsi razılaşdırılıb.