VERGİLƏR NAZİRLİYİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Mərasim iştirakçıları ümummilli liderimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Vergilər naziri Fazil Məmmədov çıxış edərək demişdir ki, müasir tariximizin inkişaf mərhələlərinin son bir neçə onilliyi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. İstər keçmiş Sovetlər Birliyində, istərsə də müstəqilliyin ilk 10 ilində məhz bu tarixi şəxsiyyətin rəhbərliyi altında ölkəmizin siyasi və sosial-iqtisadi inkişafının əsası qoyulub.
XX əsrdə ikinci dəfə dövlət müstəqilliyi əldə etmiş Azərbaycan xalqı onu itirmək kimi böyük bir səhvi təkrarlaya bilməzdi. Məhz belə bir tarixi anda xalqımız öz müdrik seçimini etdi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkəmizin ictimai-siyasi həyatında əsil dönüş başlandı.
1995-ci ildə ölkəmizin iqtisadiyyatında əsaslı islahatlar mərhələsi başlandı. İrimiqyaslı islahatlara yönələn iqtisadi siyasətin ayrılmaz tərkib hissəsi olan vergi siyasətində də əsaslı dəyişikliklərə, vergi sisteminin yeni, müasir standartlar əsasında formalaşdırılmasına başlanıldı.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında başlanan və birbaşa tövsiyələri əsasında aparılan islahatlar öz nəticələrini və bəhrələrini verməkdədir.
Ulu öndərimiz Heydər Əliyev sözün əsil mənasında müasir vergi xidmətinin memarıdır. Dövlət başçısı hər bir fərmanını, sərəncamını verərkən məsələni əsaslı araşdırır, xarici və yerli iş adamları ilə görüşür, vergi orqanları qarşısında duran problemləri və vəzifələri dəqiq müəyyən edirdi. Ümummilli lider Heydər Əliyevin vergi xidməti orqanlarında çalışan kadrların peşə hazırlığının yüksəldilməsinə diqqət və qayğısının nəticəsi olaraq yaradılmış tədris mərkəzi bu gün də səmərəli fəaliyyət göstərir. Artıq bu ilin ortalarından başlayaraq vergi xidmətinə işə qəbul müsabiqə yolu ilə aparılır ki, bu da peşəkar kadrların cəlb edilməsi və hazırlanması istiqamətində dövlətimizin başçısının müəyyən etdiyi strategiyaya uyğundur.
Sonra mərasimdə çıxışlar oldu. Çıxışlarda belə bir fikir təkrar-təkrar səsləndi ki, Heydər Əliyev müstəqil Azərbaycanı milli sərvət kimi xalqımıza bəxş etmişdir. Qədirbilən xalqımız dahi oğlunun ideyalarına həmişə sadiq olacaqdır. Onun ideyaları, müəyyənləşdirdiyi siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasi xətt Azərbaycanı qüdrətli dövlətə çevirəcəkdir.