VERGİLƏR NAZİRLİYİNİN AVTOMATLAŞDIRILMIŞ VERGİ İNFORMASİYA SİSTEMİ (AVİS) LAYİHƏSİNİN TƏQDİMATI OLMUŞDUR
Bu layihə ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər )” və Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan) təsdiq edilməsi haqqında sərəncamlarından irəli gələn vəzifələrə əsasən hazırlanmışdır.
Təqdimat mərasimində Baş nazir Artur Rasizadə, iqtisadi siyasət üzrə dövlət müşaviri Vahid Axundov, hökumətin üzvləri, Prezidentin İcra Aparatının nümayəndələri, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun, beynəlxalq təşkilatların, işgüzar birliklərin, yerli və xarici şirkətlərin təmsilçiləri, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak etmişlər.
Vergilər naziri Fazil Məmmədov AVİS layihəsi barədə qısa məlumat vermiş, ölkəmizdə iqtisadiyyatın son illər dinamik inkişaf etdiyini və sosial-iqtisadi sahələrdə ciddi uğurlar əldə olunduğunu vurğulamış, bunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi strategiyanı Prezident İlham Əliyevin müvəffəqiyyətlə davam etdirməsinin məntiqi nəticəsi kimi qiymətləndirmişdir.
Vergi sistemində həyata keçirilən islahatlara toxunan nazir, burada başlıca məqsədin vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi nəzarətinin gücləndirilməsi, vergi ödəyicilərinə mükəmməl xidmət sisteminin qurulması və inkişaf etdirilməsindən ibarət olduğunu söyləmişdir. Vergilər naziri bildirmişdir ki, vergi sisteminin təkmilləşdirilməsi sahəsində son illərin ən mühüm nailiyyətlərindən biri də “Avtomatlaşdırılmış vergi informasiya sistemi” layihəsinin həyata keçirilməsidir. F.Məmmədov bu layihənin reallaşdırılması nəticəsində Azərbaycanın vergi xidmətinin, nəinki MDB ölkələrində, hətta Şərqi Avropada da ən müasir informasiya texnologiyalarına malik xidmətlərdən birinə çevriləcəyini vurğulamışdır.
Vergilər nazirinin müavini Natiq Əmirov Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemini təqdim etmişdir.
Tədbir iştirakçılarına AVİS layihəsinin üstünlükləri barədə ətraflı məlumat verən Natiq Əmirov, bundan sonra kağız dövriyyəsinin aradan qaldırılacağını, işlərin xeyli sürətləndiriləcəyini, nəzarət imkanlarının genişləndiriləcəyini, vergi ödəyiciləri ilə vergi orqanları arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələrin yaradılacağını, digər dövlət strukturları ilə inteqrasiyanın möhkəmləndiriləcəyini, vergi orqanları arasında məlumat mübadiləsinin təkmilləşdiriləcəyini diqqətə çatdırmışdır.
Sonra tədbirdə iştirak edən qonaqlar çıxış etmiş, AVİS layihəsi barədə müsbət fikirlərini çatdırmışlar. Təqdimat mərasimini nazir Fazil Məmmədov yekunlaşdıraraq, bir daha vurğulamışdır ki, AVİS layihəsinin reallaşdırılması vergi siyasətinin həyata keçirilməsi işinə modern texnoloji dəstək olacaqdır.