ORDU
Vətən müharibəsi qazisi Anar Əliyev: Fəxr edirəm ki, qalib Azərbaycan Ordusunun zabitiyəm
Bakı, 24 iyun, AZƏRTAC
Sentyabrın 27-də Vətən müharibəsinin ilk anlarından Füzuli istiqamətində döyüşlərə qatıldıq. Füzulinin bir çox kəndlərinin işğaldan azad olunması uğrunda gedən qanlı döyüşlərdə iştirak etmişəm. Füzuli rayonunda düşmənin əks-hücum cəhdlərinin birinin qarşısının alınması zamanı yaralandım. Ancaq buna baxmayaraq, son ana qədər döyüşü davam etdirdik və düşmənin əks-hücum cəhdinin qarşısını aldıq. Tapşırığa uyğun olaraq hədəfə götürdüyümüz ərazini işğaldan azad edərək üçrəngli şanlı bayrağımızı orada dalğalandırdıq. Həmin an keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil.
Bunu Vətən müharibəsi qazisi, Azərbaycan Ordusunun kapitanı Anar Əliyev iyunun 24-də AZƏRTAC-a müsahibəsində deyib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iyunun 24-də imzaladığı sərəncamlarla “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmasından qürur duyduğunu vurğulayan qəhrəman hərbçi bildirib: “Adımı təltif olunanların siyahısında görəndə çox sevindim. Bir zabit kimi, şanlı Vətən müharibəsində parlaq Qələbənin qazanılmasında xidmətlərimizin belə yüksək səviyyədə qiymətləndirilməsindən qürur duydum”.
İkinci Qarabağ müharibəsində keçdiyi döyüş yolu barədə xatirələrini bölüşən Anar Əliyev deyib: “Bizim olduğumuz hərbi birləşmə sonradan Xocavənd, Daşaltı kəndi və Şuşa şəhəri istiqamətində döyüşlərdə iştirak edərək uğurlu nəticələr qazandı. Düşməni məhv edərək işğal altındakı torpaqlarımızı azad etdikcə, doğma torpaqlarımıza ayaq basdıqca sevincimizin həddi-hüdudu yox idi. Mən fəxr edirəm ki, qalib Azərbaycan Ordusunun zabitiyəm. Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev bu gün imzaladığı sərəncamlarla 44 günlük Vətən müharibəsində hərbçilərimizin göstərdiyi şücaətə, qəhrəmanlığa ən yüksək səviyyədə qiymət verdi. Biz hərbçilər bu yüksək qiymətə və etimada görə Müzəffər Ali Baş Komandanımıza ürəkdən minnətdarıq”.