Vətən müharibəsi qazisi şəxsi əşyalarını muzeyə təhvil verib
Bakı, 26 iyul, AZƏRTAC
Vətən müharibəsi qazisi Nihat Əfəndi AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, Nihat Əfəndi “Anadır arzulara hər zaman Qarabağ!” və “Azərbaycan Atabəyləri dövləti” sərgiləri ilə tanış olaraq, şəxsi əşyalarını (fotoları, tərcümeyi-halı, onu yaralamış güllə başlığını) bu müəssisənin Vətən müharibəsi fonduna təhvil verib.
Nihat Əfəndi 1999-cu il iyulun 19-da Sumqayıt şəhərində anadan olub. 2005-2014-cü illərdə Sumqayıt şəhərindəki 29 nömrəli orta məktəbdə təhsil alıb. Səkkiz il Sumqayıt şəhərindəki “Aliminium” idman zalında “sərbəst güləş” üzrə idmanla məşğul olub.
O, 2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb, Ağdam rayonunda “N” saylı hərbi hissədə xidmət edib və 2019-cu ilin yanvar ayında ordu sıralarından tərxis olunub.
Nihat Əfəndi Vətən müharibəsi günlərində Füzuli, Cəbrayıl və Xocavənddə gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 13-də Hadrutun azad edilməsi zamanı düşmənin artilleriya atəşi nəticəsində sol gözündən və sağ ayağından yaralanıb. 2020-ci il noyabrın 3-dən yenidən hərbi əməliyyatlara cəlb edilib və həmin il dekabrın 30-da ordu sıralarından tərxis olunub. “Vətən müharibəsində fəal iştirak etdiyinə görə” Fəxri fərmanı ilə təltif edilib və “Füzulinin azad olunmasına görə” medalına layiq görülüb.