Vətəndaşın FHN-in “Facebook”dakı səhifəsinə müraciətinə çevik reaksiya verilib
Bakı, 11 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri nazirliyin “Facebook”dakı səhifəsinə (https://www.facebook.com/officialfhn/) vətəndaş tərəfindən edilmiş şikayət əsasında Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi H.Quliyev küçəsi bina 24 ünvanında yerləşən 11 nömrəli mənzilin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar həqiqətən də qanun pozuntusuna yol verildiyini müəyyənləşdiriblər.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mənzilin sahibi Rəsul Namiq oğlu Qənbərovun beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən və ümumi sahəsi 72,91 kvadratmetr olan üçotaqlı mənzili qeyri-yaşayış sahəsinə keçirmək məqsədilə panel tipli yaşayış binasının dayanıqlılığına xələl gətirə biləcək konstruktiv dəyişikliklər aparması, sanitariya və yanğından mühafizə norma və qaydalarına riayət olunmadan mənzilin bir sıra divarlarını qeyri-qanuni sökməsi, razılaşdırılmış müvafiq layihə sənədləri olmadan, həmçinin daha əvvəl də yenidənqurma işləri aparması səbəbindən FHN-in mütəxəssisləri tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zaman tikinti işləri dayandırılaraq ərazi lentlənməsinə baxmayaraq, həmin lentin qırıldığı, mənzilin daxilində qanunsuz yenidənqurma işlərinin davam etdirildiyi aşkarlanıb.
Faktla əlaqədar sentyabrın 10-da Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə yenidən həmin obyektə baxış keçirilib, qapı möhürlənib, qeyri-qanuni yenidənqurma işlərini həyata keçirən vətəndaşa tikinti sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulması və bununla əlaqədar görülməsi zəruri olan tədbirlər barədə ətraflı məlumat verilib.
FHN tikinti işləri ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək qanunvericiliyə əməl edilməsinin vacibliyini xatırladır, bina və qurğuların konstruktiv (yükdaşıyan) elementlərində hər hansı dəyişikliyin yalnız müvafiq qaydada razılaşdırılmış layihə əsasında həyata keçirilməsinin mümkün olduğunu bildirir.