VƏTƏNƏ, XALQA VƏ DÖVLƏTƏ SƏDAQƏT ANDI
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM HEYDƏR OĞLU ƏLİYEVİN ANDİÇMƏ MƏRASİMİ
Heydər Əliyevin ötən on ildə gördüyü nəhəng işlər xalqımızı əmin etdi ki, Azərbaycanda bu siyasətin alternativi yoxdur, ölkəmizin gələcək inkişafı, vətəndaşlarımızın firavan həyatı məhz onun siyasətinin varisliyindən, dövlət hakimiyyətinin həmin siyasətin həyata keçirilməsini təmin edəcək etibarlı əllərə tapşırılmasından asılıdır. Bunu dərindən dərk edən Azərbaycan xalqı yeni minilliyin ilk prezident seçkilərində öz müdrik seçimini etdi, Heydər Əliyevin siyasi xəttinin ən layiqli davamçısı olan Baş nazir İlham Əliyevə səs verdi.
Xalqımızın müdrik oğlu Heydər Əliyevin təbirincə desək, İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Belə bir şəxsiyyətin Azərbaycana rəhbər seçilməsini dünyanın tərəqqipərvər, sabitlik, demokratiya, sülh, rifah, inteqrasiya şəraitində yaşamağa üstünlük verən bütün sağlam qüvvələri təbii və labüd bir hadisə kimi qarşılamışlar.
Oktyabrın 31-də paytaxtın Respublika sarayında Azərbaycan Prezidenti İlham Əliyevin təntənəli andiçmə mərasimi keçirilmişdir.
Respublika sarayının bayram tərtibatı salonuna Milli Məclisin üzvləri, siyasi partiyaların, ictimai təşkilatların, ölkə ictimaiyyətinin nümayəndələri – ziyalılar, gənclər, hərbçilər, din xadimləri, əməkçilər, andiçmə mərasimində iştirak etməyə gəlmiş xarici ölkələrin təmsilçiləri, səfirlər, digər qonaqlar, mətbuat işçiləri toplaşmışdılar.
Salona toplaşanlar Gürcüstan Prezidenti Eduard Şevardnadzeni, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironovu, Türkiyə Baş nazirinin müavini, dövlət naziri Əbdüllətif Şənəri, İranın vitse-prezidenti Seyid Məhəmmədəli Əbtəhini və Ukraynanın Baş naziri Viktor Yanukoviçi səmimiyyətlə qarşıladılar.
Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ayağa qalxaraq hərarətlə, gurultulu və sürəkli alqışlarla qarşıladılar.
Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olundu.
Ölkəmizin Silahlı Qüvvələrinin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını təntənəli marşın sədaları altında səhnəyə gətirdilər.
Azərbaycan Respublikasının Konstitusiyası dinimizin müqəddəs kitabı Qurani-Şərif ilə yanaşı qoyulmuşdu.
Respublika Mərkəzi Seçki Komissiyasının sədri MƏZAHİR PƏNAHOVA söz verildi. O dedi:
- Möhtərəm cənab İlham Heydər oğlu Əliyev!
Hörmətli xanımlar və cənablar!
Bu il oktyabrın 15-də xalqımız mühüm tarixi hadisənin şahidi oldu. Müstəqil Azərbaycan Respublikasında azad və ədalətli prezident seçkiləri keçirildi. Tam məsuliyyətlə deyə bilərəm ki, yeni Seçki Məcəlləsi əsasında keçirilən bu seçkilər, ümumiyyətlə, Azərbaycanda seçki sisteminin təkmilləşdirilməsində yeni bir mərhələ oldu. Ölkəmizdə mövcud olan siyasi plüralizm əsasında formalaşdırılmış seçki komissiyalarında 32 mindən artıq həlledici səs hüquqlu üzv, habelə qeydə alınmış namizədlərin və namizədləri qeydə alınmış siyasi partiyaların təyin etdiyi məşvərətçi səs hüquqlu üzvlər daxil olmaqla, 50 minə yaxın komissiya üzvü çalışırdı. Onların fəaliyyəti beynəlxalq standartlara uyğun hazırlanmış və demokratik, şəffaf seçkilər üçün normal şərait təmin edən qanunla tənzimlənirdi.
Mərkəzi Seçki Komissiyası tərəfindən yüksək peşəkarlıq səviyyəsində hazırlanan və beynəlxalq müşahidəçilər tərəfindən çox müsbət qiymətləndirilən 50-dən artıq təlimat, izah və qaydalar, faktiki olaraq, bütün seçki prosedurasını əhatə etmişdi. Seçki tədbirlərinin lazımi maddi-texniki təchizatı təmin olunmuşdu.
Geniş aşkarlıq şəraitində hazırlanıb keçirilən seçkiləri siyasi partiyaların, seçicilərin təşəbbüs qruplarının, ictimai təşkilatların çoxsaylı təmsilçiləri, habelə nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və yerli vətəndaşlarımız da daxil olmaqla, 44 mindən artıq müşahidəçi izləmişdir. Azərbaycanın və dünyanın 70-dən yuxarı aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri tədbirin bütün mərhələlərini əhatəli işıqlandırırdı.
Mərkəzi Seçki Komissiyasının nəzdindəki “Seçkilər” İnformasiya Mərkəzi səsvermə başlanandan nəticələr müəyyənləşdirilib başa çatanadək seçicilərin fəallığı, səsvermənin gedişi və ilkin nəticələri haqqında məlumatları mütəmadi qəbul edir, kütləvi informasiya vasitələrinin köməyi ilə ictimaiyyətə çatdırırdı.
Beş mindən artıq məntəqə seçki komissiyasının protokollarındakı məlumatlar səsvermənin başa çatmasından keçən 12 saat ərzində Mərkəzi Seçki Komissiyasının İnternet saytına qoyularaq dünya ictimaiyyətinə çatdırıldı ki, bu da seçkilərin aşkarlığı baxımından mühüm nailiyyət kimi xüsusi qeyd edilməlidir.
Seçkilərin yüksək səviyyədə hazırlanması və keçirilməsi üçün böyük əmək sərf olunmuşdur. Builki prezident seçkilərini fərqləndirən mühüm cəhət odur ki, ölkəmizin vətəndaşları, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində səs verən soydaşlarımız da daxil olmaqla, seçkilərdə böyük fəallıq göstərmişlər. Seçicilərin 71,23 faizi öz seçki hüququnu həyata keçirmək üçün həvəslə seçki məntəqələrinə gəlmişlər. Onların böyük əksəriyyəti vətənin tərəqqisi, xalqımızın xoşbəxt gələcəyi, şəhər və kəndlərimizdə əmin-amanlıq naminə prezidentliyə layiqli namizəd cənab İlham Heydər oğlu Əliyevə səs vermişdir. Cənab İlham Əliyev 76,84 faiz səs toplayaraq, növbəti beş il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Möhtərəm İlham Heydər oğlu Əliyev!
İcazə verin, Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim, dövlətimizin başçısı kimi son dərəcə çətin və məsuliyyətli işinizdə Sizə böyük uğurlar, möhkəm cansağlığı, səadət arzulayım.
X X X
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri Fikrət Babayev, Bəhmən Qəribov, Rafael Qvaladze, Eldar Məmmədov, İsa Nəcəfov, Sona Salmanova və Ələddin Sultanov səhnəyə dəvət olundular.
Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev salondakıların sürəkli alqışları altında səhnəyə dəvət edildi.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri FƏRHAD ABDULLAYEVƏ söz verildi. O dedi:
- Hörmətli xanımlar və cənablar!
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2003-cü il 28 oktyabr tarixli qərarı ilə prezident seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının protokolunda əks etdirilmiş nəticələri təsdiqləyərək cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan etmişdir.
Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət edirəm.
Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEV əlini Azərbaycan Respublikasının Konstitusiyasının üzərinə qoyaraq dedi:
- Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!
Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq dedi:
- Əlimi Qurani-Şərifə basaraq and içirəm, Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam.
X X X
Azərbaycan Respublikasının dövlət himni əzəmətlə səsləndi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində geniş nitq söylədi.
Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə gurultulu, sürəkli alqışlarla qarşılandı.
Prezident İlham Əliyevin nitqinin mətni qəzetin birinci və ikinci səhifələrində dərc edilir.
X X X
Azərbaycanın dövlət bayrağı səhnədən aparıldı.
Sonra incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti oldu.
Konsertin iştirakçıları İlham Əliyevi Prezident vəzifəsinə başlaması münasibətilə ürəkdən təbrik etdilər.
X X X
Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin birinci müavini Artur Rasizadə, parlament sədrinin və Baş nazirin müavinləri, nazirlər, komitə və şirkət rəhbərləri, digər rəsmi şəxslər andiçmə mərasimində iştirak edirdilər.