Veteran futbolçu: Messinin ən yaxşı seçilməsinə irad bildirənlər mövzuya peşəkar yanaşmayanlardır
Bakı, 16 yanvar, AZƏRTAC
“Lionel Messi “The Best” mükafatını qazanmağa layiq idi”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ” futbol akademiyasının koordinatoru Aftandil Hacıyev Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun hücumçusu Lionel Messinin FIFA-nın ilin ən yaxşı futbolçusuna təqdim etdiyi “The Best” mükafatına layiq görülməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, 36 yaşlı forvardın 2023-cü ilin ən yaxşı oyunçusu seçilməsi müzakirə mövzusu olmamalıdır: “Messinin son ildə dünya futboluna qazandırdıqlarını nəzərə alsaq, əlbəttə ki, bu mükafata ondan başqası layiq deyildi. Bu cür mükafatlandırma mərasimlərindən sonra digər namizədlərin pərəstişkarları tərəfindən həmişə söz-söhbətlər olur və olmağa da davam edəcək. Messinin futbol bacarığına bütün dünya bələddir. Onun ən yaxşı futbolçu seçilməsinə irad bildirənlər mövzuya peşəkar şəkildə yanaşmayanlardır”.
42 yaşlı mütəxəssis bildirib ki, nüfuzlu turnirlərdəki nəticələr səsverməyə birbaşa təsir edir: “Futbolçular arasında keçirilən sorğularda bir çox amillər nəzərə alınır ki, onlardan ən əsasları dünya çempionatı və Çempionlar Liqasında əldə edilən uğurlardır. Messi də uzun fasilədən sonra ölkəsinə dünya çempionluğunu qazandırdı. Buna görə də ən çox səsi məhz o topladı”.
Qeyd edək ki, Lionel Messi 2023-cü ildə də “The Best” mükafatına layiq görülüb.