“Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” layihəsi gənclərə Vətən sevgisi aşılayır
Bakı, 9 iyul, AZƏRTAC
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi birinci qrant müsabiqəsində “Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” adlı layihə ilə qalib olub. Layihənin icrasına bu il iyunun 1-dən başlanılıb.
Layihənin rəhbəri professor Bədirxan Əhmədli AZƏRTAC-a bildirib ki, əsas məqsəd İkinci Qarabağ müharibəsində qazanılan tarixi Qələbənin yeniyetmələr arasında təbliği, ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşmuş qəhrəmanların gənc nəslə tanıdılması və vətənpərvərlik ruhunun gücləndirilməsidir. İndiyədək Bakı şəhərinin müxtəlif məktəblərində və liseylərində şagirdlərin təhsilə marağının artırılması, onların ideoloji hazırlığının gücləndirilməsi məqsədilə 6 tədbir təşkil olunub.
Onun sözlərinə görə, layihə çərçivəsində ilk dəfə olaraq “Azərbaycan hərbi marşları” və “Vətən və Zəfər nəğmələri” adlı kitabların nəşri nəzərdə tutulur. Bu nəşrlərdə I və II Qarabağ müharibələri zamanı ifa edilən və digər dövrlərə aid hərbi marşlar toplanacaq.
Layihə çərçivəsində Xəzər Universiteti və Dünya məktəbində gənclərlə görüşlər keçirilib. Tədbirlərdə layihənin məqsəd və vəzifələri haqqında geniş məlumat verilib. I Qarabağ müharibəsi iştirakçısı, tarix elmləri üzrə fəlsəfə doktoru Bəxtiyar Əliyev gənclərə öz döyüş yolundan danışaraq hərbi-vətənpərvərlik tərbiyəsinin vacibliyini vurğulayıb.
Növbəti görüşlər C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında və F.Köçərli adına Respublika Uşaq Kitabxanasında keçirilib. Tədbirlərdə çıxış edən alim və müharibə veteranları gənclərin milli ruhda yetişdirilməsinin, dövlətçilik və ideoloji təhlükəsizlik baxımından əhəmiyyətini xüsusi qeyd ediblər.
Layihənin yekun tədbirində gələcəkdə bu cür maarifləndirici görüşlərin Azərbaycanın digər bölgələrində də keçirilməsinin planlaşdırıldığı bildirilib. Sonda sentyabr ayında şagirdlərlə növbəti tədbirin keçirilməsi qərara alınıb.