VI BAKI BEYNƏLXALQ “ŞƏRQ-QƏRB” KİNOFESTİVALININ AÇILIŞI
Mədəniyyət naziri Polad Bülbüloğlu Azərbaycan Prezidenti İlham Əliyevin festival iştirakçılarına təbrikini oxudu.
Festivalda 7 ölkənin 10 bədii filmi göstəriləcəkdir. Azərbaycanı iki bədii film – Oqtay Mirqasımovun “Ən yaxşı film” nominasiyası üzrə “Qızıl çıraq” mükafatına layiq görülmüş “Cadugər” və Hüseyn Mehdiyevin “Səma melodiyası” filmləri təmsil edir.
Festival iştirakçıları 4 nominasiya - ən yaxşı qadın obrazına görə, ən yaxşı kişi obrazına görə, ən humanist ideyalara görə, kinoda görkəmli xidmətlərə görə nominasiyaları üzrə mükafatlandırılacaqlar.
Festivalın təşkilatçıları əsas sponsora – “Qızıl çıraq” milli kinofestivalının keçirilməsinə də kömək göstərmiş Azərbaycan Beynəlxalq Bankı idarə heyətinin sədri Cahangir Hacıyevə və onun kollektivinə, habelə “AzEvrotel” müştərək müəssisəsinə və “Şərhçi” qəzetinə xüsusi təşəkkürlərini bildirdilər.
Festivalın qonaqları arasında Rusiya, Qazaxıstan və Özbəkistan kinematoqrafçıları da var.
Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi, xalq artisti Rasim Balayev festivalı açaraq vurğuladı ki, bu festivalı Böyük İpək yolu üstündə yerləşən ölkəmizdə keçirmək təşəbbüsünü ümummilli liderimiz Heydər Əliyev irəli sürmüşdü. O, 1996-cı ildən burada keçirilən bütün əvvəlki festivallarda iştirak edir, uğurlarımıza sevinirdi. Buna görə də VI beynəlxalq kinofestivalını onun nurlu xatirəsinə həsr etməyimiz və doğum günündən bir neçə gün sonra keçirməyimiz təsadüfi deyildir. Biz çox şadıq ki, Azərbaycan Prezidenti İlham Əliyev kinonu təbliğ edən bütün ideyaları dəstəkləyir. Buna görə dövlətimizin başçısına xüsusi minnətdarlığımızı bildiririk.
Sonra o, Azərbaycan kinosunun inkişafında görkəmli xidmətlərinə görə aktyor Aleksandr Kalyaginə xüsusi mükafat təqdim etdi. Xatırladaq ki, A.Kalyagin Rasim Ocaqovun dörd filmində çəkilmişdir.
Azərbaycan dövlət kamera orkestri, onun bədii rəhbəri və dirijoru, əməkdar incəsənət xadimi Teymur Göyçayev festival iştirakçılarını salamladı.
Aparıcılar “Qızıl çıraq” milli mükafatının 16 nominasiya üzrə laureatlarını elan və təbrik etdilər.
Festivalın birinci günü “Neft” sənədli və “Səma melodiyası” bədii filmlərinə baxış keçirildi.
Baxışdan əvvəl tamaşaçılar 2003-cü il Beynəlxalq Venesiya Kinofestivalının “Ən yaxşı sənədli film” nominasiyasında “Gümüş şir” mükafatına layiq görülmüş “Neft” sənədli filminin yaradıcı kollektivi – rejissor və ssenari müəllifi Murad İbrahimbəyov, prodüser Rauf Atamalıbəyovla, habelə məşhur xanəndə Alim Qasımovla (film onun ifasında muğamlarla müşayiət edilir) tanış oldular. Tamaşaçılara “Səma melodiyası” filminin rejissoru Hüseyn Mehdiyev də təqdim edildi.