“Vışeqrad qrupu” 25 illik yubileyini Bakıda qeyd edir
Bakı, 20 may, AZƏRTAC
Mayın 20-də ADA Universitetində “Vışeqrad qrupu”nun 25 illik yubileyinə həsr olunan konfrans təşkil edilib.
Xatırladaq ki, “Vışeqrad qrupu”nun yaradılmasının məqsədi Avropa strukturlarına inteqrasiya, o cümlədən bu təşkilata üzv ölkələrin (Polşa, Slovakiya, Macarıstan və Çexiya) Avropa Birliyinə daxil edilməsi idi.
AZƏRTAC xəbər verir ki, tədbirdə xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev, Polşa, Macarıstan və Çexiyanın Azərbaycandakı səfirləri Marek Tsalka, İmre Laslotski və Vitezslav Pivonka, Slovakiyanın Rusiya Federasiyasındakı səfirliyinin təmsilçisi Matus Korba (hazırda Slovakiyanın Azərbaycanda səfirliyi yoxdur), Avropa Birliyinin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Malena Mard, Milli Məclisin deputatları, tələbələr iştirak edib.
Tədbir iştirakçıları təşkilatın yaradılma tarixi və fəaliyyəti, əsas məqsədləri barədə məlumatlandırılıb. Qeyd olunub ki, bu ittifaq sayəsində hər bir üzv ölkə beynəlxalq arenada öz maraqlarının dəstəkləməsi və yeridilməsi, habelə Avropa Birliyinə daxil olma meyarlarına uyğun lazımi düzəlişlər həyata keçirmək üçün daha çox imkanlar qazanıb. Konkret olaraq bu ölkələrdə demokratiya, azadlıq və insan hüquqlarına hörmət, hüquqi dövlət prinsiplərinə riayət edilməsi kimi məsələlərin sürətləndirilmiş tempdə həlli, həmçinin rəqabət qabiliyyətli bazar iqtisadiyyatı təşəkkül tapmağa başlayıb
Bu təşkilat və GUAM ölkələri arasında əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsinin qənaətbəxş səviyyədə olduğu bildirib. “Vışeqrad qrupu”nun uğuru fonunda son onilliklərdə Azərbaycanın müxtəlif sahələrdə nailiyyətləri qeyd edilib. Bu uğurların ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi üçün münbit zəmin yaratması və əməkdaşlığı daha qarşılıqlı faydalı və zəruri etməsi vurğulanıb.
Qeyd edək ki, “Vışeqrad qrupu”nun bütün üzvləri 2004-cü ildən Avropa Birliyinin tamhüquqlu üzvləridir.