SİYASƏT
Vyetnamda Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzi yaradılıb
Tədbirdə Vyetnam hökumətinin və parlamentinin, digər dövlət və hökumət qurumlarının yüksək vəzifəli şəxsləri, ölkə ictimaiyyətinin nümayəndələri, vaxtilə Azərbaycanın ali təhsil ocaqlarını bitirmiş vyetnamlı məzunlar, nüfuzlu KİV təmsilçiləri iştirak ediblər.
Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin direktoru xanım Nqo Thi Kim Tu qurumun planları və fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd edib ki, Mərkəz Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı tədqiqatlar aparacaq, Vyetnam ictimaiyyətini bu istiqamətdə məlumatlandırmaq üçün ölkənin müxtəlif bölgələrində konfrans, simpozium və seminarlar təşkil edəcək. Mərkəzin işinə ölkədə tanınmış alimlərlə yanaşı, gənc tədqiqatçıların da cəlb olunduğunu qeyd edən direktor rəhbərlik etdiyi qurumun iki ölkə və xalq arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərəcəyini bildirib.
Azərbaycanın Hanoydakı səfiri Anar İmanov Prezident İlham Əliyevin bu ilin mayında Vyetnama tarixi səfərinin ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsinə zəmin yaratdığını vurğulayıb, Vyetnam xalqında Azərbaycana, onun tarixinə və mədəniyyətinə marağın artdığını diqqətə çatdırıb. Hanoy şəhərində Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin fəaliyyətə başlamasını əlamətdar hadisə kimi qiymətləndirən səfir bunun Vyetnam xalqının Azərbaycan, onun tarixi və mədəniyyəti barədə məlumatlandırılmasında önəmli rol oynayacağına, həmçinin xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Tədbirdə çıxış edənlər Mərkəzin Azərbaycan və Vyetnam arasında əlaqələrin inkişafında mühüm rol oynayacağını nəzərə alaraq onun fəaliyyətinə lazımi dəstək verəcəklərini söyləyiblər.
Sonda Azərbaycan tarixi və mədəniyyətini əks etdirən videofilm nümayiş olunub, Azərbaycan mətbəxinin nümunələrindən ibarət süfrə açılıb.
Mərasim Vyetnamın dövlət telekanalı “VTV-1”də və digər mətbuat orqanlarında işıqlandırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy