WUF13 çərçivəsində “ağıllı şəhər”lər və intellektual mülkiyyət mövzusu müzakirə olunub
Bakı, 20 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Şəhər inkişafı və texnologiyalar: Ağıllı şəhərlər və əqli mülkiyyət“ mövzusunda tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Avrasiya Patent Təşkilatının təşkilatçılığı ilə ilə baş tutan tədbirdə müasir şəhər inkişafında innovasiyaların rolu, süni intellektin tətbiqi və rəqəmsal transformasiya məsələləri müzakirə olunub.
Tədbirdə Azərbyacan Memarlıq və İnşaat Universitetiin (AzMİU) rektoru Gülçöhrə Məmmədova, Avrasiya Patent İdarəsinin (APİ) vitse-prezidenti Emil Məmmədov, Əqli MÜlkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Gülnarə Rüstəmova, Avrasiya Patent Təşkilatının nümayəndələri, eləcə də beynəlxalq ekspertlər ağıllı şəhərlərin formalaşmasında texnologiyaların və intellektual mülkiyyətin roluna dair fikirlərini bölüşüblər.
Çıxışlar zamanı bildirilib ki, davamlı şəhərlərin qurulması və effektiv şəhər planlaşdırması innovativ texnologiyalara əsaslanır. Yeni həllər təhlükəsiz yaşayış mühitinin yaradılmasına, nəqliyyat sistemlərinin təkmilləşdirilməsinə və inklüziv infrastrukturun inkişafına töhfə verir, eyni zamanda iqlim və ekoloji risklərin azaldılmasına xidmət edir.
Qeyd olunub ki, patent məlumatları tikinti və şəhərsalma sahəsində yeni meyllərin və perspektivli istiqamətlərin müəyyənləşdirilməsində mühüm rol oynayır. Tədbirdə Avrasiya regionu üzrə konkret nümunələr əsasında tikinti sahəsində patent dinamikası, ağıllı şəhərlərdə süni intellektin tətbiqi və memarlıq sahəsində intellektual mülkiyyətlə bağlı çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, inkişaf etməkdə olan ölkələrdə tikinti sektorunun rəqəmsal transformasiyasının sürətləndirilməsi imkanları da diqqət mərkəzində olub. Bildirilib ki, bu istiqamətdə texnologiyaların tətbiqi şəhərlərin daha dayanıqlı və rəqabətqabiliyyətli inkişafına şərait yaradır.
Sessiya çərçivəsində iştirakçılar innovasiya, hüquqi tənzimləmə və beynəlxalq əməkdaşlıq vasitəsilə şəhər inkişafında yeni yanaşmaların formalaşdırılmasının vacibliyini vurğulayıblar.
Müxbir-Elgün Niftəli