WUF13-də Azərbaycan təcrübəsi: əlillik qiymətləndirilməsi tam şəffaf və təmassızdır
Bakı, 20 may, AZƏRTAC
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Azərbaycanda bərabər hüquqların, reabilitasiya, məşğulluq imkanlarının və sosial inklüzivliyin təmin olunması üçün güclü hüquqi baza formalaşdırıb.
AZƏRTAC xəbər verir ki, bunu DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Elnara Ansari WUF13 çərçivəsində keçirilən əlilliyi olan şəxslərin hüquqları üzrə dəyirmi masada deyib. Elnara Ansari bildirib ki, Azərbaycanda tam elektron və təmassız əlillik qiymətləndirilməsi sistemi tətbiq olunur. Onun sözlərinə görə, rəqəmsal əlillik altsistemi vasitəsilə tibbi məlumatlar elektron qaydada emal edilir ki, bu da prosesin daha şəffaf, operativ və obyektiv həyata keçirilməsinə imkan yaradır. Azərbaycan regionda bu sistemi tətbiq edən ilk ölkələrdən biridir. Sosial ödənişlər artıq vətəndaşlardan əlavə sənəd tələb edilmədən proaktiv qaydada təyin olunur. Bu yanaşmanın beynəlxalq səviyyədə maraq doğurduğu və digər ölkələr tərəfindən öyrənildiyi vurğulanıb.
O qeyd edib ki, Azərbaycanda inklüziv və əlçatan şəhər konsepsiyasının təşviqi istiqamətində də mühüm addımlar atılır. Bildirilib ki, 2021-ci ildə qəbul edilən “münasib uyğunlaşdırma” qaydaları dövlət və özəl qurumlar üçün nəqliyyat, kommunikasiya, mədəniyyət və ictimai xidmətlər sahəsində əlçatanlığın təmin olunmasını nəzərdə tutur. O əlavə edib ki, 2019-cu ildə əlilliyi olan şəxslər üçün iş yerləri standartları və inklüziv məşğulluğu dəstəkləyən rəqəmsal sistem tətbiq olunub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəz universal dizayn və inklüzivlik prinsiplərinin uğurlu nümunəsidir. Mərkəzdə əlçatanlıq, sosial dəstək və işarə dili xidmətləri vahid mühitdə təqdim olunur. Bu günədək təxminən 1000 nəfər burada bacarıqlarını inkişaf etdirib, yaradıcılıq potensialını iqtisadi imkanlara çevirib.
Elnara Ansari vurğulayıb ki, bu model artıq Azərbaycanın regionlarında, o cümlədən İsmayıllı və Qarabağ bölgəsində genişləndirilir.