MƏDƏNİYYƏT
X Bakı Beynəlxalq Kitab Sərgisini 120 min kitabsevərin ziyarət edəcəyi gözlənilir VİDEO
Bakı, 30 sentyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-dən 8-dək Bakı Ekspo Mərkəzində təşkil olunacaq X Bakı Beynəlxalq Kitab Sərgisini 120 min kitabsevərin ziyarət edəcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Beynəlxalq Kitab Sərgisinə həsr olunmuş mətbuat konfransında Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova bildirilib. Onun sözlərinə görə, ildən-ilə sərgiyə həm ölkəmizdə, həm də dünyada maraq artır: “Bu, olduqca yaxşı haldır. İnanırıq ki, bu tendensiya davamlı olaraq artacaq”.
Şöbə müdiri bildirib ki, ötən il Bakı Beynəlxalq Kitab Sərgisini 75 min insan ziyarət edib.
Qeyd edək ki, builki sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib.
Xatırladaq ki, sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.
Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq. Sərgiyə giriş ödənişsizdir.