Xaçmazın Qusarçay kəndində yeni futbol meydançası istifadəyə verilib VİDEO
Xaçmaz, 11 sentyabr, AZƏRTAC
Xaçmaz rayonunun Qusarçay kəndində uşaqların futbola marağının artırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə yeni futbol meydançası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, stadionda uşaqların məşqlərini daha səmərəli keçirmələri üçün zəruri şərait yaradılıb. Meydança müxtəlif məşq avadanlıqları ilə təchiz olunub, uşaqlar üçün idman geyimləri hazırlanıb. Həmçinin soyunub-geyinmə otağı istifadəyə verilib.
Açılış mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nümayəndələri, idman ictimaiyyətinin üzvləri, I Liqada Xaçmazı təmsil edən “Şimal” futbol klubunun məşqçi və futbolçu heyəti, eləcə də kənd sakinləri iştirak ediblər.
Bildirilib ki, ətraf kəndlərdə yaşayan uşaqların da idmana cəlb olunmasına, onların futbol bacarıqlarının inkişafına töhfə verəcək stadion iş adamı Namik Eldarovun təşəbbüsü və maliyyə dəstəyi ilə ərsəyə gəlib.
Yeni stadionda uşaqlarla mütəmadi məşğələlər aparacaq məşqçinin fəaliyyəti də təmin olunacaq.
Tədbirdə çıxış edənlər yeni stadionun uşaqların idmana cəlb olunması baxımından əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, yaradılan şərait gənc nəslin futbola marağının artırılmasına, sağlam həyat tərzinin təşviqinə və gələcəkdə istedadlı futbolçuların üzə çıxarılmasına imkan verəcək.
Açılış mərasimindən sonra stadionda uşaqların iştirakı ilə futbol qarşılaşması keçirilib və məşq prosesi təşkil olunub.
Müxbir- Elxan Yusifli