XALQ YAZIÇISI ELÇİNİN 10 CİLDLİK “SEÇİLMİŞ ƏSƏRLƏRİ” ÇAPDAN ÇIXMIŞDIR
“Seçilmiş əsərləri”n I cildinə yazdığı “Hakim oxucudur” başlıqlı ön sözdə, bu cildlərə1968-ci ilə qədər yazdığı hekayə və povestlərini daxil etmədiyini və yalnız mətbuatda dərc olunmuş əsərlərini saldığını qeyd edən müəllif bildirir ki, “bu 10 cildlik mənim üçün, əlbəttə, indiyə qədərki yazı-pozu işlərimin, bir növ, yekunlaşdırılmasıdır və orası da aydın məsələdir ki, bu zaman da, istər-istəməz, bir sual peyda olur: nə yazmısan?
necə yazmısan? niyə yazmısan? Mən bu suala da cavab vermirəm (bəlkə, cavab vermək istəmirəm). Çünki o cavabın sahibi oxucudur”.
“Seçilmiş əsərləri”n I cildinə müəllifin hekayələri və xalqımızın Mehdi Hüseyn, Rəsul Rza, Qara Qarayev, Fikrət Əmirov kimi görkəmli yazıçı, şair və bəstəkarları haqqında xatirələri, II cildinə “Bir görüşün tarixçəsi”, ”Bayraqdar”, məşhur “Dolça” və s. povestləri, əsasında “Arxadan vurulan zərbə” detektiv filmi çəkilmiş “Ox kimi bıçaq”, “Aman ovçu, vurma məni” və “Hökmdarın taleyi” kinopovestləri daxildir. III, IV və V cildlərdə xalq yazıçısının geniş tamaşaçı kütləsinin rəğbətini qazanmış “Ah, Paris, Paris!”, “Poçt şöbəsində xəyal”, “Mənim ərim dəlidir”, “Qatil” və s. pyesləri, “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” romanları, “İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti” sənədli romanından fraqmentlər verilmişdir. ”Seçilmiş əsərlər”in VI, VII və VIII cildlərində Elçinin Türkiyə, Macarıstan, Bolqarıstan, Tunis və digər ölkələrə səfərləri ilə bağlı “Yol qeydləri”, ümummilli liderimiz, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevə, eləcə də Aşıq Ələsgərə, Məhəmmədhüseyn Şəhriyara, Rəşid Behbudova, Araz Dadaşzadəyə, Anara və digərlərinə həsr olunmuş “Esselər”i və dünya ədəbiyyatının görkəmli nümayəndələri haqqında “Ədəbi düşüncələr”i, məqalələri, Üzeyir bəy Hacıbəyov, Cəfər Cabbarlı haqqında monoqrafiyaları, IX cilddə “Yazıçının dəftərindən” başlığı ilə müxtəlif illərdə yazdığı ön sözləri, kiçik məqalələri, rəyləri, bəzi çıxışlarının stenoqram yazıları və s. sonuncu, X cilddə isə 1975-2004-cü illərdə dövri mətbuatımızda dərc olunmuş müsahibələri əksini tapmışdır.
İnanırıq ki, Elçinin min nüsxə və gözəl tərtibatda çap olunmuş 10 cildlik “Seçilmiş əsərləri” ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanacaqdır.