CƏMİYYƏT
Xalqımıza qarşı hərbi cinayət törədən digər şəxsləri də eyni aqibət gözləyir - Açıqlama
Bakı, 31 iyul, AZƏRTAC
Meşəli soyqırımında iştirak edən Vaqif Xaçatryanın Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılması sərhədçilərimizin ayıq-sayıqlığından xəbər verir.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi, jurnalist-tarixçi Seymur Əliyev bildirib. O qeyd edib ki, bu olay sərhədlərimizin etibarlı şəkildə qorunduğunu göstərməklə yanaşı, həm də xalqımıza qarşı hərbi cinayət törədən bütün şəxslərin gec-tez qanun qarşısında cavab verəcəyini göstərir: “Xalqımıza qarşı ağır hərbi cinayətdə iştirak edən Vaqif Xaçatryanın saxlanılaraq məsuliyyətə cəlb edilməsi göstərir ki, sərhədlərimiz etibarlı şəkildə qorunur və sərhədlərimizdən separatçıların, cinayətkarların istifadəsinin qarşısı qətiyyətlə alınır. Buraxılış məntəqəsindən istifadə edən hər kəsin kimliyinə diqqət yetirilir, onların xalqımıza qarşı cinayətlərdə iştirakı araşdırılır.
Bu fakt həm də onu göstərir ki, heç bir cinayət cəzasız qalmır və xalqımıza qarşı hərbi cinayət törədən digər şəxsləri də eyni aqibət gözləyir. Vaqif Xaçatryan kimi həmin şəxslər də, hökmən qanun qarşısında məsuliyyətə cəlb olunacaq, etdikləri əməllərə görə cavab verməli olacaq.
Xalqımıza qarşı ağır hərbi cinayətlər törədən şəxslərin cəzalandırılması bizim üçün hər şeydən öncə şərəf məsələsidir və Meşəli soyqırımı qatilinin həbsi göstərir ki, dövlətimiz üçün bu məsələ hər zaman prioritetdir”.