Xalqımızın həmrəyliyi nə qədər güclü olduğumuzu dünyaya bir daha nümayiş etdirir
Bakı, 13 dekabr, AZƏRTAC
Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev dekabrın 13-də Vətən müharibəsi şəhidi Ceyhun Abbasovun II Fəxri xiyabanda keçirilən anım tədbirində iştirak edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, şəhidlərin ailə üzvlərinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Ceyhun Abbasovun valideynləri və yaxınları onun keçdiyi döyüş yolu ilə bağlı geniş məlumat veriblər. Sonra tədbirdə bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Milli Məclis sədrinin müavini Adil Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin əhəmiyyətindən danışıb. Bildirib ki, şəhidlərimiz canlarını Vətən üçün fəda edərək bizə tarixi Zəfərimizi bəxş etdi, həmçinin dövlətimizin gücünü nəinki Ermənistana, eləcə də onun havadarlarına göstərdilər.
Xalqımızın dövlətimizin başçısının ətrafında yumruq kimi birləşməsindən danışan Adil Əliyev bizə Qələbəni bu birliyin bəxş etdiyini diqqətə çatdırıb. Milli Məclis sədrinin müavini vurğulayıb ki, Prezident İlham Əliyevin dediyi kimi, “Gücümüz birliyimizdədir” şüarı əsasında birləşən xalqımız 30 ildən sonra tarixi torpaqlarını işğaldan azad etdi. Eləcə də, xalqımızın bu gün baş verən hadisələrdəki həmrəyliyi onun nə qədər güclü olduğunu bir daha dünyaya nümayiş etdirir.