Xarici ticarət əməliyyatlarında iştirak edən şəxslər son yeniliklərlə bağlı məlumatlandırılıb
Bakı, 28 fevral, Elvin Camalov, AZƏRTAC
Fevralın 28-də Dövlət Gömrük Komitəsində (DGK) xarici ticarət əməliyyatlarında iştirak edən şəxslərə son yeniliklərlə bağlı seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə DGK-nın Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov, Gömrük Nəzarətinin Təşkili və Asanlaşdırılması Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Səməd Qaralov, komitənin aidiyyəti struktur bölmələrinin rəhbərləri, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə, sahibkarlar və media nümayəndələri iştirak edib.
S.Qaralov bildirib ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi davamlı inkişaf strategiyasının tərkib hissəsi olaraq gömrük sistemində reallaşdırılan islahatlar biznes mühitinin yaxşılaşdırılmasına, ölkənin ixrac və tranzit potensialının artırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə və şəffaflığın təmin olunmasına münbit şərait yaradıb.
Qeyd edib ki, cari il fevralın 1-dən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemi məmur-vətəndaş təmasının minimuma endirilməsi, sərhədkeçmə prosesinin sürətləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində mühüm addımdır. Eyni zamanda, bu sistem sahibkarlar arasında könüllü riayət prinsipini də formalaşdıracaq.
M.Vahabov qeyd edib ki, gömrük sistemində aparılan islahatlar nəticəsində fiskal siyasətin icra edilməsi sahəsində də uğurlu nəticələr əldə olunub. “Yaşıl dəhliz” buraxılış sistemi və digər innovativ tətbiqlər gömrük prosedurlarının sadələşdirilməsi, vətəndaş-məmur təmasının minimuma endirilməsi ilə yanaşı, maliyyə intizamının gücləndirilməsinə də münbit şərait yaradıb. Bildirib ki, həyata keçirilən islahatlar və innovativ tətbiqlərin məqsədi biznes mühitinin yaxşılaşdırılması, xarici ticarət iştirakçılarına münbit fəaliyyət şəraitinin yaradılmasıdır.
Daha sonra Dövlət Gömrük Komitəsinin əməkdaşları “Sərhəddə ticarətin sadələşdirilməsi üzrə aparılmış iqtisadi islahatlar”, “Yaşıl dəhliz” buraxılış sistemi üzrə rəsmiləşdirmə” adlı təqdimatlarla çıxış edib, “Yaşıl dəhliz” sistemi və qısa idxal bəyannamələrinin doldurulması, təqdim edilməsi ilə bağlı mövzular ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin komitənin aidiyyəti struktur bölmələrinin rəhbərləri tərəfindən xarici ticarət iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.