Xarkov vilayəti Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
Xarkov, 3 noyabr, AZƏRTAC
Xarkov Vilayət Dövlət Administrasiyasının (XVDA) rəhbəri Aleksandr Skakun Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Aleksandr Skakunun fikrincə, hazırda hər iki tərəfin qarşılıqlı əlaqələrində ən başlıca məsələ iqtisadi sahədə əməkdaşlıqdır. Bu əməkdaşlıq müəssisələrə gəlir gətirəcək, yeni iş yerləri açılmasına və büdcəyə daxilolmaların artmasına şərait yaradacaq.
XDVA rəhbəri deyib: “Biz konkret sahələrdə təmas nöqtələri tapmalı, hansı sahələrdə tərəfdaşlar ola biləcəyimizi müəyyən etməliyik. Şübhəsiz, biznes sahəsi prioritetdir, lakin dövlət sektorunda, təhsil və mədəniyyət sahəsində əlaqələri də yadda saxlamaq lazımdır. Azərbaycan ilə münasibətlərin möhkəmlənməsinə, müştərək məhsullar istehsalına dair regionlararası sazişlər bağlanmalıdır”.
Tərəflər dialoq zamanı yaxın vaxtlarda daha fəal əməkdaşlığın mümkün olduğu sahələri seçiblər. Yeyinti və tekstil sənayesi belə sahələrdəndir.
Əfqan Salmanov qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi üçün XDVA nümayəndə heyətini Azərbaycana dəvət edib.
Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulu deyib: “Azərbaycan tərəfi artıq indi müştərək müəssisə yaratmağı təklif edir. Cümə günü sizinlə Azərbaycan nümayəndələrinin birgə videokonfransını keçirəcəyik. Orada bu məsələni daha ətraflı müzakirə etmək olar. Əməkdaşlığın müxtəlif istiqamətlərini inkişaf etdirmək lazımdır, siz isə bu məsələdə bizi dəstəkləməlisiniz”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Xarkov