XARKOVDA AZƏRBAYCANIN MÜSTƏQİLLİK GÜNÜ VƏ SƏMƏD VURĞUNUN 100 İLLİK YUBİLEYİ TƏNTƏNƏLİ QEYD OLUNMUŞDUR
Bayram gecəsini giriş sözü ilə “Dostluq” cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərov açmışdır.
Xarkov vilayət hökuməti başçısının birinci müavini Yaroslav Yuşşenko həmvətənlərimizi respublikanın əsas dövlət bayramı və yaradıcılığına ukraynalıların yaxşı bələd olduqları Azərbaycan şairinin şanlı yubileyi münasibətilə təbrik etmişdir.
Y.Yuşşenko Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında və dərinləşməsində xidmətlərinə və ictimai fəaliyyətinə görə Murad Ömərova vilayət hökumətinin fəxri fərmanını və fəxri nişanını təqdim etmişdir.
Azərbaycan səfirliyinin əməkdaşı Seyidəli Qədiməliyev Azərbaycan diasporuna tolerant və diqqətcil münasibətinə görə Xarkov rəhbərliyinə səmimi təşəkkürünü bildirərək, ümummilli liderimiz Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevin başçılığı ilə daxili və xarici siyasətin bütün sahələrində əldə etdiyi uğurlardan, Prezident Viktor Yuşşenkonun bu yaxınlarda Bakıya səfərindən və səfərin ikitərəfli münasibətlərə güclü təkan verməsindən danışmışdır.
Salona toplaşanlar böyük Azərbaycan şairi Səməd Vurğundan bəhs edən sənədli kadrlara baxmış, onun Azərbaycan, Ukrayna və rus dillərində şeirlərini, aşıq musiqisini dinləmişlər.
Səməd Vurğunun qızı Aybəniz Vəkilova atasının xatirə gecəsinin gözəl təşkilinə görə Xarkov vilayətinin rəhbərliyinə, Azərbaycan səfirliyinə və “Dostluq” cəmiyyətinə təşəkkürünü bildirmişdir.
Sonda şair-tərcüməçi Nikolay Miroşniçenko toplaşanları xarkovlu sahibkar Niyazi Xəlilovun sponsorluğu ilə Ukrayna dilində nəşr olunmuş ikicildli “Azərbaycan poeziyası antologiyası”nın 1-ci cildi ilə tanış etmiş, Səməd Vurğun adına Kiyev kitabxanasının direktoru Qalina Kislaya və şairin dostu, Maksim Rılski adına muzeyin direktoru Viktoriya Kolesnik Səməd Vurğunun Ukraynaya və onun xalqına məhəbbətindən, Ukrayna söz ustaları ilə möhkəm şəxsi və yaradıcılıq dostluğundan danışmışlar.