Xayfada professor Miron Fel və bəstəkar Elmira Nəzirovanın xatirə gecəsi olub
Bakı, 22 avqust (AZƏRTAC). İsrailin azərbaycanlılar icması Azərbaycan diasporunun iki tanınmış nümayəndəsinin - məşhur həkim, professor Miron Fel və onun həyat yoldaşı - professor, bəstəkar Elmira Nəzirovanın xatirəsini ehtiramla yad edib.
Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİz) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xatirə gecəsi Azərbaycanın bu istedadlı nümayəndələri həyatının son illərini keçirdikləri, landşaftına görə Bakını xatırladan Xayfa şəhərinin mədəniyyət evlərindən birində təşkil edilib.
“Azİz” assosiasiyası yanında Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman xatirə gecəsini açaraq deyib ki, Miron Fel və Elmira Nəzirova Bakının rəmzləri və təcəssümüdür. Onlar bu şəhərdə doğulub boya-başa çatıb, uzun illər boyu onun naminə çalışıblar.
Musiqiçilər ailəsində doğulmuş, böyük Üzeyir Hacıbəylidən xeyir-dua almış Elmira xanım Nəzirova yüksək peşəkarlığı ilə seçilən pianoçu və istedadlı pedaqoq idi. Bəstəkar, Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) professoru Elmira Nəzirovanın yetişdirdiyi məşhur musiqiçilərin çoxu bu gün dünyanın müxtəlif guşələrində yaradıcılıq fəaliyyətini davam etdirirlər.
İxtisasca həkim-psixiatr olan Miron Fel təbiətən müdrik və qeyri-adi cazibə qüvvəsinə malik şəxsiyyət idi. Azərbaycan Tibb İnstitutunun Psixiatriya kafedrasının müdiri, professor Miron Fel təkcə peşəkar fəaliyyətlə kifayətlənmirdi. Yaşının yetkin çağında İsrailə gələn Miron Fel bu ölkədə əslən Azərbaycandan olan şəxslərin “Xayfa-Bakı” cəmiyyətini yaradıb. Həmin cəmiyyət 20 il çox səmərəli fəaliyyət göstərib.
Azərbaycan hökuməti M.Felin fəaliyyətini yüksək qiymətləndirib. 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə o, “Tərəqqi” medalı ilə təltif olunub.
67 il bir-birinə ömür-gün yoldaşı olmuş Miron Fel - Elmira Nəzirova cütlüyü iki uşaq, dörd nəvə və iki nəticə tərbiyə edib.
Doktor İsana Lixtenşteyn, musiqişünas Sofiya Şifrin, doktor Alik Şifrin, doktor İzold Çernyak, “Xayfa-Bakı” cəmiyyətinin üzvü Yosef Danilov və “Azİz” Assosiasiyasının idarə heyətinin üzvü Yuri Boçarov M.Fel və E.Nəzirova haqqında xatirələrini söyləyiblər.
Gecədə Elmira Nəzirovanın şagirdlərinin və digər peşəkar musiqiçilərin ifasında maraqlı konsert proqramı təqdim olunub.