“Xəcalət” xarici tamaşaçıların gözü ilə
Bakı, 28 fevral (AZƏRTAC). Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (ADAMDT) ötən ilin sentyabrında “Teatr, Çexov, Yalta” IV Beynəlxalq teatr sənəti festivalında nümayiş etdirdiyi “Xəcalət” tamaşasına görə “Qran-pri” mükafatına layiq görüldükdən sonra festivalın rəsmi bu tamaşa haqqında maraqlı şərhlər verilmiş, pyes “müasir dünyanın reallıqları ilə səsləşən əsər” kimi qiymətləndirilmişdir.
ADAMDT-dan AZƏRTAC-a bildirmişlər ki, Xocalı soyqrımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə təqdim edən “Xəcalət” tamaşası barədə bu günədək əcnəbi tamaşaçılar da öz təəssüratlarını müxtəlif saytlarda yerləşdirməkdə davam edirlər.
Məsələn, BlackSeaNews saytında Anna Xoroşko adlı tamaşaçı yazır: “Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (“Xəcalət” tamaşası, müəllif Hüseynbala Mirələmov, rejissor Bəhrəm Osmanov) münsiflər heyəti üzvlərinin tamamilə ədalətli şəkildə qeyd etdikləri kimi, “yüksək aktyor məharəti” nümayiş etdirmişdir.
Hüseynbala Mirələmovun Qarabağ qaçqınlarından danışan ictimai-publisistik, hadisələrin inkişaf tempinə görə ağır, açıq siyasi mahiyyətli “Xəcalət” pyesi bəlkə də hər kəsin zövqünə uyğun gəlməyə bilərdi. Lakin zalda olanlar hamı bir nəfər kimi ayağa qalxdı və demək olar ki, hamı bir nəfər kimi göz yaşlarını sildi.
Azərbaycanlı aktyorların nümayiş etdirdikləri unudulmaz səhnə məharəti qarşısında baş əyirik.
Yeri gəlmişkən, bu teatr ustalarını əfsanəvi klassiklərin - Çexovun, Şekspirin... əsərlərində görmək də çox maraqlı olardı.
Azərbaycanlı kollektivin genişqəlbliliyi və səmimiyyəti qarşısında laqeyd qalmaq mümkün deyil”.