Xətai rayonunda ağacların kəsilməsi nəticəsində təbiətə 8 min 500 manatdan çox ziyan dəyib
Bakı, 24 oktyabr, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zamanı paytaxtın Xətai rayonu, Sarayevo küçəsi, 22 saylı binanın arxasındakı ağacların kəsilməsi faktı aşkar edilib.
Xidmət rəsmisi Vaqif Cavadov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı ağacların avtodayanacaq salınması məqsədilə “Turan 97” Məhdud Məsuliyyətli Müəssisə tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 8 min 580 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: “Faktla bağlı akt tərtib olunub, yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.
Xidmət rəsmisinin sözlərinə görə, həmin ərazidə kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib.