Xətai rayonunda iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 18 iyul, AZƏRTAC
Media vasitələrində yayılmış videogörüntülər əsasında Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 9 ünvanında fiziki şəxs İlhamə Zəkaray qızı Əsədovaya məxsus “Təndir N1” iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən olunub.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı qida obyektində bişmiş yeməklərin çiy toyuq və ət məhsulları ilə birgə saxlanıldığı, dondurulmuş ət məhsullarının donunun açılması (defrostasiya) proseduru üçün sahənin təşkil edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, emal və anbar sahəsində mexaniki havalandırma sisteminin quraşdırılmadığı, işçilərin tibbi müayinə arayışlarının qanunvericiliyə uyğun olmadığı və digər nöqsanlar aşkarlanıb.
Həmçinin ümumi çəkisi 6,6 kiloqram olan subməhsulun (ağ ciyər və qara ciyər) minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlər təqdim edilməyib.
Aşkarlanmış nöqsanlarla əlaqədar qanunvericiliyə uyğun olaraq iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb və rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.