Xəyal Rza: Bakı Beynəlxalq Kitab Sərgisinə maraq artır
Bakı, 25 oktyabr, AZƏRTAC
Bakı Beynəlxalq Kitab Sərgisi ildən-ilə daha da zənginləşir. Sərgidə iştirak edən xarici qonaqların, tanınmış yazıçıların, eləcə də yerli və xarici nəşriyyatların sayının artması tədbirə marağın daha da güclənməsinə şərait yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza söyləyib.
Onun sözlərinə görə, sərgidə ziyarətçi fəallığı, xüsusilə diqqəti cəlb edir. Nəşriyyatların stendləri ətrafında böyük izdiham müşahidə olunur. Eyni zamanda, müxtəlif təqdimat zonalarında təşkil olunan ədəbi görüşlərə, kitab təqdimatlarına və digər layihələrə böyük maraq göstərilir.
“Müasir texnologiyaların, sosial şəbəkələrin və mobil telefonların həyatımızda geniş yer tutduğu bir dövrdə insanların kitabdan uzaqlaşması, mütaliəyə marağın azalması ilə bağlı müəyyən narahatlıqlar mövcuddur. Lakin sərgidə bunun tam əksini müşahidə edirik. İnsanların, xüsusilə gənclərin kitaba və ədəbiyyata göstərdiyi böyük maraq olduqca sevindiricidir. Bu, mütaliə mədəniyyətinin yaşadığını göstərməklə yanaşı, gələcəyə nikbin baxmağa da əsas verir”, – deyə Xəyal Rza vurğulayıb.