Xəzər dənizinin şimal hissəsinin quruyacağı ilə bağlı xəbərlər əsassızdır
Bakı, 29 sentyabr, AZƏRTAC
Son zamanlar xarici KİV-lərdə 75 il sonra Xəzər dənizinin şimal hissəsinin suyunun səviyyəsinin həddən artıq düşəcəyi və hətta quruyacağı ilə bağlı xəbərlər yayılıb.
AZƏRTAC həmin xəbərlər haqqında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun rəyini öyrənib.
R.Məmmədov bildirib ki, Xəzər dənizinin Yer kürəsinin digər daxili dənizlərindən əsas fərqli cəhəti onun səviyyəsinin geniş diapazonda daimi dəyişməsidir və bu da onun təbii proseslərdən yaranmış əsas ekoloji problemlərindən biridir. Səviyyə dəyişmələri dənizin sahil zonasına və dəniz təsərrüfatına həmişə külli miqdarda ziyan vurub. Belə ki,1978-1995-ci illərdə səviyyə 2,5 metr qalxıb və nəticədə dənizin Azərbaycana aid sahil zonasının və digər Xəzərətrafı ölkələrin sosial-iqtisadi və ekoloji sahələrinə təqribən 2,5 milyard ABŞ dolları ziyan dəyib.
Xəzər dənizinin səviyyəsi adətən ildə 30-40 santimetrə qədər qalxıb-enir. Min səkkiz yüz otuz yeddinci ildən etibarən Xəzər dənizinin səviyyəsi ilə bağlı meteoroloji müşahidələr aparılır. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, dəniz səviyyəsinin ciddi dəyişmələri 11 il dövriliklə baş verir. Belə səviyyə tərəddüdlərinin günəşin aktivlik dövrləri ilə bağlı olduğu ehtimal edilir. Proqnozlara görə, 2020-ci ildə Xəzərin səviyyəsi 27 metrə yaxın düşəcək.
Akademik 75 il sonra Xəzər dənizin şimal hissəsinin quruyacağı ilə bağlı xəbərlərə münasibət bildirərək məlumatların absurd, elmi əsassız olduğunu və sensasiya yaratmaq məqsədi daşıdığını qeyd edib.