“Xəzər günü” ilə əlaqədar sahilboyu ərazidə təmizlik aksiyası keçirilmişdir
Bakı, 11 avqust (AZƏRTAC). 12 Avqust - Xəzərin Ətraf Mühitinin Mühafizəsi Günüdür.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar avqustun 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Şıx çimərliyinin yaxınlığındakı sahilboyu ərazidə təmizlik aksiyası keçirilmişdir.
Aksiyada iştirak edən ETSN-nin Ətraf Mühitin İnkişafı Departamentinin sektor müdiri Mirsalam Qənbərov jurnalistlərə açıqlamasında demişdir ki, bu günün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunmasından, dənizinin bioloji ehtiyatlarının mühafizəsi, bərpası sahəsində qüvvələrin səfərbər edilməsindən və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.
O qeyd etmişdir ki, Bakı buxtasında səth sularının zibil, neft məhsulları və digər tullantılardan təmizlənməsi məqsədi ilə ETSN tərəfindən Fransanın “Ecoceane” şirkətindən gəmi alınmışdır.
Bildirilmişdir ki, “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanmışdır. Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək davam etmişdir. Yekun olaraq sənəd 2003-cü il noyabrın 4-7-də İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş görüşdə Xəzər dənizinin sahilində yerləşən beş dövlətin rəsmiləri tərəfindən imzalanmışdır. Tehran Konvensiyası kimi tanınan bu sənəd Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar da öz əksini tapmışdır. Tehran Konvensiyası beş Xəzəryanı dövlət tərəfindən ratifikasiya olunduqdan sonra 2006-cı il avqustun 12-də qüvvəyə minmiş və o vaxtdan etibarən bu tarix hər il ölkəmizdə “Xəzər günü” kimi qeyd edilməyə başlanmışdır.
Aksiyada dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və gənclər iştirak etmişlər.