XƏZƏR İNTEQRASİYA İŞGÜZAR KLUBUNUN ÜZVLƏRİ DÖVLƏT NEFT FONDUNUN SƏDRİ İLƏ GÖRÜŞMÜŞLƏR
Klubun prezidenti Telman Əliyev görüşü açaraq, klub barədə məlumat vermişdir.
Rəhbərlik etdiyi qurum barədə danışan Şahmar Mövsümov bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin 1999-cu il 29 dekabr tarixli Fərmanı ilə yaradılmış ARDNF-dən əsas məqsəd iri neft gəlirlərinin səmərəli istifadəsinə, düzgün idarə olunmasına və bu gəlirlərin bir hissəsinin gələcək nəsillər üçün qorunub saxlanmasına nail olmaqdır.
Ş.Mövsümov Azərbaycanın hazırkı iqtisadi inkişafından danışaraq qeyd etmişdir ki, ölkəmiz qarşıdakı 20 ildə neft müqavilələrindən təxmini hesablamalara görə 200 milyard ABŞ dolları gəlir əldə edəcəkdir. ARDNF-ə yarandığı vaxtdan bəri 3 milyard dollar vəsait daxil olmuş, bunun 1,4 milyardı fondun əsasnaməsinə uyğun olaraq, ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur öbyektlərinin inşa və rekonstruksiyasına yönəldimişdir. Buraya Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması (170 milyon dollar) və məskunlaşdırılması problemlərinin həlli, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ( 300 milyon dollar) daxildir. Bundan əlavə, hər il fonddan dövlət büdcəsinə transferlər olmuş, “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin hesabına 40 milyon manat köçürülmüşdür.
ARDNF-in Böyük Britaniyanın baş naziri Toni Bleyerin irəli sürdüyü Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqi prosesində fəal iştirak etdiyini bildirən Ş.Mövsümov demişdir ki, Azərbaycan bu istiqamətdə hesabatını açıqlayan ilk ölkədir. Bu sahədəki nailiyyətlərimiz nəzərə alınaraq Azərbaycan beynəlxalq təşəbbüs qrupuna daxil edilmişdir.
Ş.Mövsümov fondun hesabındakı vəsaitlərin ABŞ dolları, avro və Böyük Britaniya funt-sterlinqi ilə dünyanın ən yaxşı banklarında yerləşdirildiyini, bu idarəetmədən qazanc də əldə edildiyini demişdir.
Sonda ARDNF-in icraçı direktoru klub üzvlərinin və jurnalistlərin suallarını cavablandırmışdır.