Xəzər rayon MKS növbəti videoçarxı şəhid baş leytenant Teymur Məcidzadənin xatirəsinə ithaf edib
Bakı, 18 dekabr, AZƏRTAC
Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igidlər haqqında silsilə videoçarxlar hazırlayır.
MKS-dən AZƏRTAC-a bildirilib ki, növbəti videoçarxda şəhid baş leytenant Teymur Məcidzadənin əziz xatirəsi yad edilir.
Teymur Məcidzadə 1992- ci il oktyabr ayının 10- da Füzuli rayonunun Gecəgözlü kəndində dünyaya gəlib. 2010- cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub.
Vətən müharibəsi başlayanda, sentyabr ayının 27- si Teymur vətənin müdafiəsinə qalxır. O, döyüşlər zamanı saysız qəhrəmanlıqlar, yüksək şücaət göstərib.
Ömrünün 28-ci payızında - noyabrın 9-da Xocavənd-Şuşa uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb.