XI Bakı Beynəlxalq Kitab Sərgisi davam edir
Bakı, 2 oktyabr, AZƏRTAC
XI Bakı Beynəlxalq Kitab Sərgisinin 2-ci günü də maraqlı tədbirlərlə yadda qalıb.
AZƏRTAC xəbər verir ki, sərgi çərçivəsində Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, eləcə də məşhur xarici yazıçılarla görüşlər təşkil olunub. Həmçinin azyaşlı oxucular üçün xüsusi dizayn edilmiş “Uşaq aləmi”, nağıl saatları, tamaşalar da göstərilib.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri AZƏRTAC-ın stendi ilə yaxından tanış olublar.
Məktəbin 8-ci sinif şagirdi Leyli Hacıyeva sərgi ilə bağlı fikirlərini agentliyin müxbiri ilə bölüşüb. Rəngarəng stendlərin, müxtəlif mədəniyyətlərin və yeni biliklərin maraq oyatdığını qeyd edən Leyli deyib: “Sərgini gəzdikcə sanki başqa ölkələrə səyahət edirdim. Çin, Koreya və Qətər stendlərinə yaxınlaşanda məni gülərüz qarşılayıb maraqlı məlumatlar verdilər. Onların təqdim etdiyi kitabları hədiyyə alanda çox sevindim. Azərbaycanın ilk informasiya agentliyi AZƏRTAC-ın tarixi barədə də aldığım dolğun məlumatlar yaddaşımda xüsusi yer tutdu”.
Sərginin 73 yaşlı ziyarətçisi Səidə Hüseynova isə gənclərə mütaliə etməyin vacib olduğunu tövsiyə edib. “Sərgini saatlardır yorulmadan gəzirəm. Hər guşədə diqqətimi müxtəlif mövzuda əsərlər cəlb edir. Telefon və internetdən üstün dəyər kitabdır. Gənclərə daim kitab oxumağı məsləhət görürəm. Kitabın qoxusu insana xüsusi gənclik və enerji bəxş edir”, - deyə o əlavə edib.