XINALIQ KƏNDİNİN RABİTƏ PROBLEMLƏRİ DƏ HƏLL OLUNUR
Kənd sakinləri Azərbaycan Prezidenti İlham Əiliyevin oktyabrın 7-də Quba-Xınalıq avtomobil yolunun açılışı münasibətilə Xınalığa gəlişindən doğan sevinc hisslərini ifadə etdikdən sonra bildirmişlər ki, kənddə telefon yoxdur, əhali yalnız AzTV və İctimai Televiziyanın proqramlarını izləyə bilir. Onlar özəl telekanallardan heç olmasa “Lider”in proqramının yayımlanmasına şərait yaradılmasını xahiş etmişlər.
Nazirliyin əlaqədar strukturlarının rəhbərləri məlumat vermişlər ki, Xınalığa optik kabel xəttinin çəkilişi başa çatmaq üzrədir. Telefon problemi isə simsiz rabitənin köməyi ilə həll edilmişdir və hazırda yaşayış məntəqəsində 4 belə telefon işləyir. Onların biri həm də faks xidməti göstərir.
Qeyd olunmuşdur ki, 18 oktyabr - Dövlət Müstəqilliyi gününədək Xınalıq kəndi telefonlaşdırılacaq, burada “Lider” TV-yə baxmaq mümkün olacaqdır.
Nazir Xınalıq yolunun üzərində yerləşən Əlik, Qırızdəhnə və başqa kəndlərin sakinləri ilə də görüşmüş, onların problemləri ilə maraqlanmışdır. Sadalanan problemlərin iki ay müddətində həll olunacağı bildirilmişdir. Qeyd olunmuşdur ki, Rabitə Nazirliyi Əlik kənd əsas məktəbi üçün 50 şagird yeri olan bina tikməyi öhdəyə götürmüşdür.
Rabitə naziri Əli Abbasov müxbirimizə demişdir ki, bu gün buraya Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə gəlmişik. Söhbət etdiyim adamların hamısı qısa müddətdə çəkilmiş yola görə öz sevincini bildirir, bu işi yüksək qiymətləndirir və Prezidentimizə təşəkkür edirlər. Əlbəttə, məni rabitə problemləri maraqlandırırdı. Bu sahədə həll olunası məsələlər çoxdur. Televiziya yayımının yaxşılaşdırılmasına ehtiyac var. Qubadan çəkilən optik kabel xəttinin köməyi ilə qısa müddətdə bu problem həll olunacaq, hər bir kənddə elektron telefon və faks xidməti təmin ediləcəkdir. Verilmiş tapşırıqların icrasını yoxlamaq üçün təxminən iki aydan sonra bir də buraya səfər edəcək və nəticə barədə ölkəmizin başçısına məlumat verəcəyəm.