MƏDƏNİYYƏT
Xınalıqda daha 32 evin təmir-bərpa işləri aparılacaq
Quba, 14 oktyabr, AZƏRTAC
Xınalıq kəndində aparılan tikinti və bərpa işlərinin üçüncü mərhələsində qəzalı vəziyyətdə olan 100-ə yaxın evin 2026-cı ilədək təmir-bərpası nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Onun sözlərinə görə, aparılan təmir-tikinti və bərpa işləri Xınalıq kəndində məşğulluğun artırılması, əhalinin gəlirlilik səviyyəsinin və sosial rifah halının yüksəlməsinə töhfə verir: “Xınalıq kəndində özünəməxsus memarlıq üslubu və coğrafi mövqeyi ilə seçilən 200-ə yaxın evin 155-i kəndin qədim hissəsində yerləşməklə ənənəvi üsulla tikilib. Ümumilikdə ən təhlükəli vəziyyətdə olan 60 evin təmir və bərpası ilə bağlı layihələndirmə işləri aparılıb. 2020-2021-ci illərdə qəzalı vəziyyətdə olan 16 evin təmir-bərpa işləri aparılıb, onların bünövrə və divarları gücləndirilib. Uçma təhlükəsi olan divarlar sökülərək yenidən tikilib, dam örtükləri sökülərək yerli tipologiyaya uyğun yenidən qurulub, qapı və pəncərələr yenilənib. Növbəti mərhələdə daha 44 evin təmiri ilə bağlı qərar verilib. Gələn il hava şəraiti imkan verdiyi aylarda daha 32 evin təmir-bərpa işləri aparılacaq”.