Xocalı faciəsi Azərbaycan xalqının sağalmaz yarasıdır
Bakı, 25 fevral, AZƏRTAC
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Xocalı faciəsi ilə bağlı anım tədbiri keçirilib.
Öncə faciə qurbanlarının xatirəsi yad edilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Mərasimi giriş sözü ilə açan institutun icraçı direktoru dosent Xəzər Zeynalov qeyd edib ki, Xocalı qırğını erməni terrorçularının dinc əhaliyə qarşı törətdikləri amansız cinayətdir. XX əsrin sonunda baş verən dinc insanlara qarşı törədilmiş ən qanlı soyqırımı hadisəsidir.
Sonra institutun baş direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Xocalı faciəsi qrafika sənətində” mövzusunda məruzə edib. Alim bu faciəni Azərbaycan xalqının acı kədərlə andığını söyləyib. Dağlıq Qarabağ münaqişəsi zamanı erməni qəsbkarlarının törətdiyi ən dəhşətli hadisələrdən biri olan Xocalı faciəsi bütün Azərbaycan xalqını sarsıtdı, lakin onların mübarizə əzmini qıra bilmədi. Bu faciə Azərbaycan xalqına vurulan ən kəskin zərbədir. Bu mövzu təsviri incəsənətdə də geniş şəkildə öz əksini tapıb. Azərbaycanın qrafik rəssamları soyqırımı mövzusunda çox maraqlı əsərlər yaradıb. 2015-ci ildə Azərbaycanda və dünya incəsənətində soyqırımı mövzusunda kitab-albom və 2016-cı ildə eyni mövzuda böyük həcmdə əsaslı elmi əsər 5 müəllifin təqdimatında işıq üzü görüb. “Xocalı faciəsi, ümumiyyətlə soyqırımı və Qarabağ müharibəsi mövzusu müasir Azərbaycan qrafika sənətində mühüm yer tutur. Maraqlıdır ki bəzən bu mövzu bütöv bir qrafik əsərlər silsiləsinin yaradılmasının əsasını təşkil edir. Xocalı soyqırımı mövzusunda rəssam Vaqif Ucatayın “Bax, gör, xatırla” adlı təsirli əsəri ilə yanaşı, qrafik rəsmlər seriyasının müəllifləri Xalq rəssamı Arif Hüseynov, Əməkdar rəssam Adil Rüstəmov, Oqtay Quliyev və digər rəssamların adlarını çəkmək olar. Alim soyqırımı mövzusunda əlvan koloritli, milli dekorativ üslubda yaradılan, acı kədər ifadə edən, emosional təsir qüvvəsinə malik olan müasir incəsənəti zənginləşdirən əsərlərdən bəhs edib. Professor Ə.Salamzadə diqqətə çatdırıb ki, respublikamızda Xocalı faciəsinə, ümumilikdə Qarabağ hadisələrinə həsr edilən sərgilər nümayiş etdirilir. 2009-cu ildə V.Ucatayın Xocalı faciəsinə həsr edilmiş qrafik əsərlərindən ibarət sərgisi keçirilib. Azad Rüstəmovun 2010-cu ildə keçirilən “Qarabağ şikəstəsi” adlı sərgisində rəssamın 30-a yaxın qrafik əsəri nümayiş etdirilib.
Tədbirdə Əməkdar incəsənət xadimi Ayaz Salayev “Azərbaycan kinosunda Xocalı mövzusu” məruzəsi ilə çıxış edərək faciəyə kino sənətində göstərilən diqqəti tədbir iştirakçıları ilə paylaşıb. Azərbaycan kino sənətində Xocalı faciəsi mövzusunda çəkilən sənədli və bədii filmlərdən, onların təsir qüvvəsindən və bu soyqırımı haqqında çəkilən xarici filmlər barədə ətraflı danışıb.