Xocalı faciəsi ermənilərin törətdikləri insanlığa sığmayan soyqırımı idi
Bakı, 26 fevral (AZƏRTAC). Erməni faşistləri tarix boyu azərbaycanlılara qarşı düşmənçilik siyasəti yürütmüş və tarixin əlverişli məqamlarından istifadə edərək soyqırımı törətmişlər.
Bu sözləri fevralın 26-da Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən Mənsum İsmayılov AZƏRTAC-a müsahibəsində demişdir.
SSRİ-nin dağılması erməni daşnaklarına azərbaycanlı qanı axıtmaq üçün imkan verdi və onlar Xocalıda misli görünməmiş soyqırımı həyata keçirdilər. Bu soyqırımı zamanı erməni qəsbkarları qadınlara, qocalara və uşaqlara silah qaldıraraq onları vəhşicəsinə qətlə yetirdilər. Xocalı soyqırımı heç zaman unudulmamalıdır. Çünki bu faciə Azərbaycana qarşı erməni təcavüzkarlığının insanlığa sığmayan bir forması idi.
Ən dəhşətlisi isə odur ki, bu qanlı faciə keçmişdə yox, müasir dövrümüzdə, sivil dünyanın gözü qarşısında baş vermişdir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün demokratiya və insan hüquqlarından ağız dolusu danışan dövlətlər özlərini görməməzliyə vuraraq Xocalı soyqırımına münasibət bildirməmiş, faciəni törədənlər cəzalandırılmamışdır.
Biz, gənc nəslin nümayəndələri olaraq Azərbaycan xalqının başına gətirilmiş bu faciənin unudulmasına yol verməyəcək, Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanınmasına nail olmağa çalışacağıq.