Xocalı faciəsi qurbanlarının xatirəsi Gürcüstanın regionlarında ehtiramla yad olunub
Tbilisi, 27 fevral, AZƏRTAC
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Gürcüstanın əksər bölgələrində anım mərasimləri, fotosərgilər, fləş-moblar təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Dmanisi rayonundakı “Dmanisi Tədris Mərkəzi”ndə, Marneulidəki Azərbaycanlıların İnteqrasiya Mərkəzində, Bolnisidə "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzin"də, Qardabani Təhsil və İnteqrasiya Mərkəzində, Rustavi Təhsil və Mədəniyyət Mərkəzində, Laqodexi rayonunun “Qabal İnkişaf Mərkəzi”ndə müəllim və şagirdlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə müxtəlif mövzularda anım mərasimləri təşkil olunub.
Tədbirlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Şəfəq Binnətova, Azərbaycan səfirliyinin məsul əməkdaşları Ramiz Hacızadə, Röyal Paşayev, Cavid Məhərrəmov və digər rəsmi şəxslər iştirak ediblər.
Anım tədbirlərində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub.
Çıxış edənlər Xocalı qətliamına ilk hüquqi-siyasi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini qeyd ediblər. Bildirilib ki, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinin səbəbləri ciddi araşdırılıb və soyqırımının geniş ictimaiyyətə dolğun şəkildə çatdırılması istiqamətində mühüm işlər görülüb.
Bundan əlavə, son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində də genişmiqyaslı tədbirlər həyata keçirildiyi diqqətə çatdırılıb.
Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı qətliamının heç vaxt unudulmayacağı qeyd olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi